Məhkəmə qərarları › İş №3(006)-601/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-601/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-601/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i-5241 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i- 5241 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra qeydinə əsasən ondan müddət üçün vaxtında ödənilməmiş 13720 manat pul vəsaiti alınaraq X2 xeyrinə ödənilməsi göstərilmişdir Belə ki, o, Turan Həmidlidən borc olaraq 13720 manat pul vəsaitini mebel hazırlamaq məqsədilə almış, lakin ölkə ərazisində olan pandemiya ilə əlaqədar olaraq qeyd olunan işi yekunlaşdıra bilməmişdir. Hal-hazırda onun yaranmış borc məbləği üzrə birdəfəlik ödəniş etmək imkanı olmasa da, gələcəkdə həmin pul vəsaiti üzrə ödənişləri etmək imkanına malik olacaqdır. İzahatının sonunda icra sənədinin icrasından qəsdən yayınmadığını, borcun ödənilməsi üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i-5241 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs müddət üçün vaxtında ödənilməmiş 13720 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək pul vəsaiti ona bu günə qədər də müxtəlif bəhanələr gətirilərək ödənilməmişdir. Sonda borcun tam olaraq ona ödənilməsini və borclu Şəxs borcun ödənilməsi ilə bağlı məhkəmədən vaxt istəməsinə etirazını bildirmədiyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etdi. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i-5241 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs müddət üçün vaxtında ödənilməmiş 13720 manat pul vəsaiti alınaraq X2 xeyrinə tutulması qərara alınmışdır. İcra qeydi üzrə sənədlər Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin dərhal təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Tələbkar şəxs icranın təmin edilməsi üçün hal-hazırda şöbəyə müraciət etmiş və borclu tərəfindən icra sənədi üzrə yaranmış borcun tam olaraq ödənilməsini tələb etmişdir. Bununla bağlı borclu icra şöbəsinə dəvət olunaraq müvafiq izahatı alınmışdır. Bundan sonra həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i-5241 saylı, xx xxxxxxx 2020ci il tarixli icra qeydinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun 8i-5241 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs müddət üçün vaxtında ödənilməmiş 13720 manat pul vəsaiti alınaraq X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan, xx xxxxxxx 2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən və xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmçinin ona xx xxxxxx 2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar