Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-601/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 25.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 25.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 müraciətinin araşdırılmasının nəticəsi olaraq, X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Sadiq Əliyev tərəfindən fərdi sahibkar X4 (VÖEN: **********) barəsində 06.12.2021-ci il tarixdə verilmiş MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı qanunsuz və əsassız hesab edir. İXM-nin 61-ci maddəsinə əsasən (Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - hüquqlar) izahat vermək (61.1.2.) hüququndan istifadə edərək Protokola ayrıca izahat əlavə edilmişdir. Lakin, Protokola əlavə edilmiş İzahatımıza hüquqi qiymət verilməmişdir (nəzərə alınmamışdır). İXM-nin 75-ci maddəsinə əsasən (İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar) inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1.), . inzibati xəta törətmiş şəxs (75.0.2), inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3) müəyyən edilməlidir. Lakin təstiqedici rəsmi sənəd və sübutlar Protokola və qərara əlavə edilməmişdir, başqa sözlə inzibati xəta halı sübuta yetirilməmişdir. İXM-nin 76-ci maddəsinə əsasən (Sübutlar) inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin şikayətçi izahatında cavabdeh olaraq başqa işəgötürəni göstərməsinə baxmayaraq mənbəyi məlum olmayan, həqiqiliyi və doğruluğu rəsmi qaydada sübuta yetirilməyən "Vhatsapp yazışması və Facebook yazışması" adlı "sübuta" istinad edilərək Protokol və Qərar tərtib edilmişdir. İXM-nin 77-ci maddəsinə əsasən (Maddi sübutlar) inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir (77.1) və maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir, maddisübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir (77.2). Lakin maddi sübutlar barədə Protokolda və qərada qeydlər yoxdur. İXM-nin 80-cı maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur (80.2). Lakin inzibati xətanın olduğuna dair sübut hesab edilən "sənəddə" (vhatsapp və facebook yazışması çıxarışı hesab edilən) təqdim edən mənbə və təsdiqi (təqdim edən fiziki şəxsin imzası) yoxdur və bu sübut üçün sənəd hesab edilə bilməz. İXM-nin 81-cı maddəsinə əsasən (Xüsusi texniki vasitələrin göstəriciləri) Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xata haqqında iş üzr a qar arda) qeyd edilir (81.3.). Lakin inzibati xətanın olduğuna dair sübut hesab edilənlər - (vhatsapp və facebook yazışması çıxarışı) kimə (fiziki və ya hüquqi şəxsə) məxsus olan, hansı texniki vasitə ilə aşkar edilməsi və ümumiyyətlə bunun həqiqiliyini təsdiq edən sübutlar və sənədlər işə əlavə edilməmişdir. İXM-nin 99-cuı maddəsinə əsasən (İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas) inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi (99.1.1.) İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər. Lakin, işə baxan vəzifəli şəxs tərəfindən inzibati xəta halı rəsmi və qanuni yolla sübuta yetirilmədiyi halda Protokol və Qərar tərtib edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən (İnzibati məsuliyyətin əsasları) - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Mləcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53-cü maddəsinə əsasən (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) inzibati xəta hadisəsi olmadıqda (53.1.1.) və inzibati xəta tərkibi olmadıqda (53.1.2.) inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114-cü maddəsinə əsasən ( İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutular hallardan biri mövcud olduqda (114.2.1.) İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Qeyd edilənləri və qanunvericilikdə nəzərdə tutulmuş digər halları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş, 06 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X6 və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 13 avqust 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 vətəndaş X3 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 13 avqust 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 25.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-601/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-601/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver