Məhkəmə qərarları › İş №3(006)-603/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-603/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-603/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 29.01.2022-ci il tarixdə Sahib Zeynalov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində avtomobili ilə hərəkətdə olarkən yol ayrıcında “Stop” nişanının tələbinə riayət edib sağa R.Behbudov küçəsinə doğru hərəkətə başlamış, bu zaman arxadan gələn nəqliyyat vasitəsi bu nişanın tələbinə riayət etmədən onun sağına dayanmadan girib maşınını əzmişdir. Bununla belə yol-patrul xidməti inspektoru tərəfindən onun barəsində protokol tərtib olunmuş, halbuki, hadisə yerinin videogörüntüsündən açıq-aydın görsənir ki, təqsir onda deyil. Həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilən Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Yol-patrul xidməti inspektoru Rəşad Rüstəmli tərəfindən tərtib edilmiş 29.01.2022ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin tarixdə saat 00:10-da idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. A.Əsgərzadə bu protokoldan narazı olduğunu bildirmişdir; - Bakı şəhər X6 İdarəsinin kapitanı Cəlil Əliyev tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş videogörüntüdən görünür ki, “Ravon Nexia R3” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən nizamlanmayan yol ayrıcına daxil olub dayanır, daha sonra hərəkətə başlayaraq özündən sağda yerləşən “Toyota Prius” markalı nəqliyyat vasitəsi tərəfə manevr edərkən onunla toqquşur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, X3 Bakı şəhər X6 İdarəsinin 14.02.2022-ci il tarixli qərarı ilə idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. A.Əsgərzadə həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia etmişdir. Lakin məhkəməyə tədqiq edilmiş görüntüdən də aydın olur ki, 29.01.2022-ci il tarixdə, saat 00:10-da X3 idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sahib Zeynalov küçəsi ilə Rəşid Behbudov küçəsinə daxil olub dayanır, daha sonra hərəkətə başlayaraq özündən sağda yerləşən “Toyota Prius” markalı nəqliyyat vasitəsi tərəfə manevr edərkən onunla toqquşur. Bununla da görünür ki, X3 Bakı şəhər X6 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar