Məhkəmə qərarları › İş №3(006)-604/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-604/2020

08.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-604/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x6 iştirakı ilə 28.08.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 54, mənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan x9 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: x9 22.01.2020-ci il tarixdə, saat 08:00 radələrində idarə etdiyi «VAZ-21214 MİNİK» markalı, **-EF-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində piyada olaraq yolu keçən zərərçəkmiş şəxs x2 vuraraq ona yüngül bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x9 izahatında göstərdi ki, o, 22 yanvar 2020-ci il tarixdə, saat 08:00 radələrində idarə etdiyi «VAZ-21214 MİNİK» markalı, **-EF-*** nömrə nişanlı avtomobilllə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə üzü Türkiyə səfirliyi istiqamətində hərəkət edərkən, S.Vurğun küçəsinin kəsişməsinə az qalmış qarşıda avtomobilin tıxacı zamanı YPX əməkdaşı tərəfindən yolun nizamlanması zamanı Bakıxanov küçəsi istiqmətində bir istiqamətdə hərəkətə icazə verildiyi üçün o, sol hərəkət zolağına çıxmaqla düzünə hərəkətini davam etdirdiyi anda sağ tərəfdən piyada keçidi olmayan yerdən avtomobillərin arasından qəfil qaçaraq yol keçmək istəyən sonradan ad və soyadını bildiyi x3 avtomobilin qarşısına sağ tərəfdən çıxmış və o, avtomobili həmin vaxt sol tərəfə çəksə də, məsafə az olduğuna görə avtomobilin ön sol tərəfi və avtomibilin güzgü ətrafı hissəsi ilə zərərçəkmiş şəxsi vurmuş, zərbənin təsirindən həmin qadın yerə yıxılmışdır. Hadisə nəticəsində x3 xəsarət aldığı üçün o, zərərçəkmiş şəxsə köməkliyini etmiş və onu müayinəsinin aparılmasından ötrü təcili tibbi yardım çağıraraq müvafiq xəstəxanaya çatdırmışdır. Daha sonra hadisə nəticəsində zərərçəkmiş şəxsin bütün müayinə və müalicə xərclərini, eyni zamanda dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, həmçinin zərərçəkmiş şəxslə barışmasını, x1 müalicə xərclərinin ödənilməsini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs x3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs x1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 130 saylı, 22.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1981-cı il təvəllüdlü x1 bədən səthində aşkar olunmuş xəsarət – sağ ayağın beşinci barmağının proksimal falanqa əsasının yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən 22.01.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilirlər. G.D.Əbdülhəsənovanın bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon x8 Şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 22 fevral 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-38 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru x5 tərəfindən tərtib edilmiş 06 mart 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə x6 törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, x7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: x9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar