Məhkəmə qərarları › İş №3(006)-604/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-604/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-604/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X7 baş inspektoru X2, barəsində inzibati qaydada icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:55 radələrində sərxoş vəziyyətdə idarə etdiyi **-DP-*** dövlət nömrə nişanlı, «X9» markalı avtomaşınla hərəkətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində X1 idarə etdiyi “Hyundai” markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomaşınla və X3 idarə etdiyi “Kia” markalı **-TV-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilərək göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə, saat 23:55 radələrində **-DP-*** dövlət nömrə nişanlı, «X9» markalı avtomaşınla avtomobili olduğu yerdən 50 metr irəliyə doğru sürərək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində hərəkətdə olarkən avtomobillərin arasından keçərkən ehtiyatsızlıqdan X1 idarə etdiyi “Hyundai” markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomaşınla və X3 idarə etdiyi “Kia” markalı **-TV-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin vaxt avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müvafiq sənədləşmə işləri həyata keçirilmiş və onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi məlum olmuşdur. Hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın sığorta şirkəti tərəfindən sonradan qarşılanacağı məlum olmuşdur. O hadisədən əvvəl avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Polis idarəsində onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, sərxoş vəziyyətdə avtomaşın idarə etdiyi üçün çox peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X7 baş inspektoru X4 verdiyi izahatında göstərmişdir ki, 25 dekabr 2023cü il tarixdə, saat 23:55 radələrində Şəxs özünə məxsus «X9» markalı **-DP-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində avtomobillərin arasında keçmək istəyərkən X1 idarə etdiyi “Hyundai” markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomaşınla və X3 idarə etdiyi “Kia” markalı **-TV-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/20875 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1991-ci il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatını dinləyib, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X7 baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 2/20875 nömrəli akt və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması və inzibati qaydada cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar