Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-608/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonu, Əhməd-Oba kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs yazılı izahatında göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayının 25-i tarixində “Kia” markalı, **-ZR-*** dövlət nişanlı yük nəqliyyat vasitəsini idarə etmişdir. Əmək müqaviləsi əsasında sürücü kimi çalışdığı şirkət tərəfindən verilən sifariş əsasında Bakı şəhəri üzrə E-manat Post Terminallarının yerləşdirilməsi xidmətini yerinə yetirir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində növbəti Post Terminalı yerləşdirdiyi zaman DYP əməkdaşı ona yaxınlaşaraq qayda pozduğuna görə cərimə meydançasına getməli olduğunu bildirmişdir. YPX inspektoru polis kapitanı Elçin Naziroviç cərimə pozuntusunu İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə əsaslandırmışdır. O, iddianın əsassız olduğunu, durumu izah etməyə - yük nəqliyyat vasitəsinin yük yerindən ödəmə terminalının boşaldılması zamanı ödəmə terminalına, yük yerinin alt hissəsində olan dövlət qeydiyyat nişanına ziyan dəyməməsi, xələr yetirilməməsi üçün yumşaq örtüyü yük yerinə sərdiyini və bir hissəsi dövlət qeydiyyat nişanının bir qismini örtdüyünü demişdir. Belə ki, nəzarət kameraları öndədir və lazım olduğu halda heç bir maneəsiz çəkilə bilər, arxa tərəfdə isə heç bir nəzarət kamerası mövcud deyildir. Lakin YPX əməkdaşı iddiasında israrlı olduğunu və cərimə meydançasına getməsini tələb etmişdir. Öz növbəsində o, dərhal 902 qaynar xəttinə müraciət etmiş, oradan ona bu pozuntunun olduğu halda belə cərimə meydançasına getməsinə ehtiyac olmadığını və qərarsız protokol tərtib oluna biləcəyini bildirmişlər, bunu YPX əməkdaşına bildirdiyi zaman əməkdaş qəzəblənərək ona "mən deyirəm cərimə meydançasına gedəcəksən, vəssalam" və digər hədələyici təhdidlər etmişdir. “Səni indi burdan birbaşa 15 sutqalığa göndərəcəm ağlın başına gələcək” kimi, post patrul çağıracağı kimi təhdidlər etmişdir. Məhkəmə qərarı olmadan bu inspektor sutqalıq təyin edir. Bu hədələrdən çəkinərək o, haqlı olduğu halda belə (İnzibati Xətalar Məcəlləsinə, 902 qaynar xətt əməkdaşının bildirdiyinə rəğmən) YPX əməkdaşının müşahiyətində cərimə meydançasına getmişdir. Qapısını önündə girməkdən imtina etmiş, protokolun yerində tərtib edilməsinin tələb edilməsini bildirmişdir. Lakin YPX əməkdaşı inspektor X1 çox aqressiv halda dövlət məmuruna yaraşmayan ifadələr işlədərək hədə qorxu gəlmiş, cərimə meydançasına daxil etməyinə qanuna zidd hərəkətlərlə nail olub və dərhal 2-ci otağa gedərsən deyərək (bu halda qanunda nəzərdə tutulmamış aktdır) protokol tərtib etmədən uzaqlaşmışdır. Dərhal 102 xidmətinə qanun pozuntusu barədə məlumat vermişdir. 902 qaynar xəttə məlumat verib bildirmişdir ki, inspektor Azərbaycan Respublikası İXM-nə uyğun olmayan qanuna zidd hərəkət etdiyi üçün dərhal qayıdıb protokol tərtib edib nəqliyyat vasitəsini cərimə meydançasından buraxılmasını təmin etməlidir. Saat 13:00-16:00-a dək orada onu gözləsə də, 8 dəfə 102, 4 dəfə 902-yə müraciətinə baxmayaraq inspektor prinsipal şəkildə oraya yaxınlaşmamışdır. (uzaqlaşdığı zaman həmin YPX maşın 99YP438) bir məhəllə qarşıda durmuşdur. Nəhayət saat 16 radələrində bir daha 902 qaynar xətt ilə əlaqə saxlanılmış və onu tapa bilmədiklərini ŞDYPİ 2-ci otağa protokolu almaq üçün yaxınlaşmasını və nəqliyyat vasitəsinə buraxılış alın demişlər. O, YPX əməkdaşının qanunsuz hərəkətinə baxmayaraq özü şirkət rəhbəri ilə birlikdə məcbur yenə də, BŞDYP-nin zirzəmisində olan 2-ci otağa gedib oradan buraxılış vərəqəsi və İXP ******* protokolu almışdır. Qeyd edir ki, hətta otaqda belə onu məhkəmə ilə təhdid etmişlər. (Şikayət etmisən veriləcəksən məhkəməyə). Cənab hakim yanvar ayının 29-dan etibarən nəqliyyat vasitəsi texniki baxışdan (cərimə sistemdədir deyilir) keçə bilmir və o, sürücü olaraq keçən ay üçün əmək haqqı almış olsa belə nəqliyyat vasitəsini idarə etməmişdir. Bildiyinə görə şirkət nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi üçün müştərilər ilə çətinliklər yaşayırlar. Öz növbəsində yük yerinə sərdiyi həmin örtüyü sadəcə icarəsində olan yük (Post Terminal) zədələnməməsi üçün sərilib və tam əminliklə bildirir ki, başqa bir məqsəd olmamışdır. Bir daha bildirir ki, arxa tərəfdə heç bir nəzarət kameraları mövcud deyil, ön tərəfdə isə var. Niyə onda o, arxanı gizlədir ki, ön nişanın üstün bağlayardı. Əmək haqqısı bonusları çıxmaq şərti ilə 305 manat təşkil edir. Niyyəti olmayan, ağlından belə keçməyən bu protokol ilə təsirli bilinsə, bu onun demək olar iki ayının əmək haqqına bərabərdir ki, ailəlidir və 2 azyaşlı övladı var. Bakı şəhərində kirayədə yaşyayır. Əmin edir ki, niyyəti, fikri dövlət nişanının gizlədilməsi olmamışdır. Şirkətin rəhbəri ilə birlikdə Badamdar ərazisində yerləşən Bakı Şəhər Yol Polisi idarəsinə getmişlər və oraya ünvanladıqları şikayətin cavabını istəmişlər. İstintaqçı məsələnin araşdırıldığını və həmin inspektor səlahiyyətlərinin aşmasını nəzərə alaraq, ona hansısa daxili cəza verildiyini bildirmişlər. Cəriməni isə yalnız məhkəmə ləğv edə bilər demişlər. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan 25 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 yanvar 2022-ci il tarixdə saat 12:40-da “Kia K 2700 Yük” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsini örtmüş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarına əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, “Kia K 2700 Yük” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsi örtülmüşdür. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs məxsus “Kia K 2700 Yük” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iradəsindən asılı olmayaraq örtülmüşdür. Belə ki, Şəxs 25.01.2021-ci il tarixdə nəqliyyat vasitəsini müvəqqəti olaraq saxlamış və yük boşaldılması zamanı terminal postlarının zədələnməməsini təmin etmək məqsədilə örtükdən istifadə edən zaman şəxsin iradəsindən asılı olmayaraq qəsdlə əhatə olunmayan formada dövlət qeydiyyat nişanının bir hissəsinin üzəri bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə hadisənin barəsində protokol tərtib edilmiş şəxsin təqsirindən törədilməsi sübuta yetirilməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-608/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-608/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver