Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6087/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:25 radələrində dövlət yol polisi əməkdaşının saxlama əmrinə əməl etməyərək qanunsuz hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:25 radələrində moped sürücüsü Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində avtobus zolağında təhlükəli manevrlər etmiş, dövlət yol polisi əməkdaşının saxla əmrinə tabe olmayaraq piyadalar üçün səkiyə çıxaraq hərəkətini davam etdirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, bir gün idi ki, kuryer kimi işə başlamışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında moped ilə hərəkətdə olarkən dövlət yol polisi əməkdaşı ona saxla əmri vermiş, o isə mopedi saxlamayaraq səkiyə çıxmış və hərəkətini davam etdirmiş, daha sonra səki ilə hərəkətdə olarkən dövlət yol polisi əməkdaşı onun qarşısını kəsərək onu saxlamışdır. Bundan sonra o, polis əməkdaşına heç bir tabesizlik göstərməmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru, polis serjantı X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində xidmət apararkən moped sürücüsü Şəxs Rəşid Behbudov küçəsində avtobus zolağında təhlükəli manevrlər edərək hərəkətdə olması rəhbərlik tərəfindən aşkarlanıb radio rabitə vasitəsilə Rəşid Behbudov-Abbasqulu ağa Bakıxanov naryadına sürücünün saxlanılması barədə göstəriş verilmiş, həmin naryad mopedə saxla əmri vermiş, lakin moped sürücüsü əmrə tabe olmayaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq, təhlükə yaradaraq Səməd Vurğun küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Radio rabitə vasitəsilə həmin sürücünün onun olduğu istiqamətə gəldiyi bildirilmiş və o da səkiyə keçərək sürücünün saxlanmasını təmin etmişdir. Ondan sonra mopedi evakuator vasitəsi ilə mühafizə olunan duracağa təmin etmiş, sürücünü isə 21-ci polis bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:25 radələrində dövlət yol polisi əməkdaşının saxlama əmrinə əməl etməyərək qanunsuz hərəkətlərə yol verərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərdən moped sürücüsünün dövlət yol polisi əməkdaşının saxla əmrinə tabe olmayaraq səkiyə çıxması, səki ilə hərəkət etməsi və səkidə dövlət yol polisi əməkdaşı tərəfindən saxlanılması görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektoru bildirmişdir ki, Şəxs dövlət yol polisi əməkdaşının saxla əmrinə tabe olmamış, idarə etdiyi mopedlə səkiyə çıxaraq hərəkətini davam etdirmiş və səkidə hərəkətdə olan zaman onun tərəfindən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Şəxs dövlət yol polisi əməkdaşının saxla əmrinə tabe olmamasına görə İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Şəxs dövlət yol polisi əməkdaşının saxla əmrinə tabe olmaması İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Həmçinin, iş materiallarında olan videogörüntüdən və şahid ifadələrindən görünür ki, moped sürücüsü səki ilə hərəkətdə olan zaman dövlət yol polis əməkdaşı tərəfindən saxlanılmış və sürücü tərəfindən ona qarşı hər hansı bir tabesizlik göstərilməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6087/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6087/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver