Məhkəmə qərarları › İş №3(006)-617/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-617/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-617/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1972-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 15 fevral 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində X1 yaşadığı ünvanın qarşısında qarşısında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərdi ki, Şəxs 15 fevral 2022-ci il tarixdə sərxoş vəziyyətdə X1 yaşadığı ünvanına qarşısında nalayiq ifadələr işlətmiş, X3 və digər şəxsləri təhqir etmiş, bunula da, xırda xuliqanlıq etmişdir. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələbinə əməl etməmiş, yəni polis şöbəsinə gəlməkdən imtina etmişdir. Qeyd olunan xırda xuliqanlıq hallları əvvəllər də, bir neçə dəfə təkrarlandığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 15 fevral 2022-ci il tarixdə o, sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətlərin nəticəsini tam olaraq dərk etmədən X1 yaşadığı ünvanın qarşısında hal-hazırda tam olaraq xatırlamadığı hərəkətləri etmişdir. Əməlindən peşmandır və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, Şəxs 15 fevral 2022-ci il tarixdə sərxoş vəziyyətdə onun yaşadığı ünvanına qarşısında nalayiq ifadələr işlətmiş, onu və digər şəxsləri təhqir etmişdir. Qeyd olunan hal əvvəllər də, dəfələrlə baş verdiyindən polisə müraciət etmişdir. Şəxs hər dəfə ağır ifadələrlə nalayiq ifadələr işlətdiyindən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2022-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsaslanmaqla Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 15 fevral 2022-ci il tarixdən, saat 23:40-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən ona 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 15 fevral 2022-ci il tarixdən, saat 23:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar