Məhkəmə qərarları › İş №3(006)-618/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-618/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-618/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 16 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pul tutularaq X4 verilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs X3 xeyrinə əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pulun tutulması müəyyən olunmuşdur. İcra sənədi 21.05.2021-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyəti elektron icra informasiya sistemi vasitəsi ilə yoxlanılmış, lakin onun adma hər hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə borclu Şəxs 11.06.2021-ci il tarixdə şöbəyə dəvət olunmuş, icraata başlama haqqında qərarı və bildirişi borcluya rəsmi təqdim olunmuş, izahatı alınmış və izahatında məhkəmə qərarından razı olmadığını, pulun ona faizə verildiyini, hazırda borcunu ödəyə bilməyəcəyini, qərardan apellyasiya şikayəti verəcəyini və tələbkara cəmi 1700 manat borcun olduğunu bildirmişdir. Borclunun mobil telefonuna 01.06.2021-ci il tarixdə şöbəyə çağırış barədə, 12.07.2021 -ci il tarixdə məcburi gətirmə barədə SMS bildirişlər göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu Şəxs icra sənədi üzrə tələbi icra etməmiş və şöbəyə gəlməkdən yayınmışdır. Borclu barəsində 13.07.2021-ci il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Daha sonra 26.07.2021-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. İcra sənədi üzrə tələbkar X6 14.06.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs icra sənədi üzrə heç bir ödəniş etmədiyini və borcun ödənilməsi ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdir. Borclunun məcburi gətirilməsinə dair Nəsimi rayon Məhkəməsinin 8(006)-341/2021 nömrəli, 11.08.2021-ci il tarixli qərardadı icra olunması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Boclu Şəxs 06.09.2021-ci il tarixdə şöbəyə yaxınlaşmış, məhkəmə qərarı üzrə borcun ödənilməsi ondan tələb olunmuş, lakin borclu icra sənədi üzrə tələbini icra etməmiş və izahatı verməkdən imtina etmişdir. Borclu barəsində 06.09.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin 3(006)-2371/2021 nömrəli, 06.09.2021-ci il tarixli qərarı ilə borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə tətbiq edilmişdir, alkin həmin inzibati cərimə də borclu tərəfindən ödənilməmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla 20.10.2021-ci il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş, təqdimat təmin olunmuş və borclunun 24.01.2022-ci il tarixdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun 22.11.2021-ci il tarixdə izahatı alınmış, həmçinin iltizamında 29.11.2021-ci il tarixdə şöbəyə gələcəyini bildirmişdir. İş üzrə tələbkar X6 17.12.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borcu tərəfindən ödəniş etmədiyini və barəsində tədbir görülməsini xahiş etmişdir. Daha sonra borclu Şəxs növbəti icra hərəkətləri həyata keçirilməsi üçün şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək icra məmurunun çağırışlarına gəlməmişdir. Bu səbəbdən 04.02.2022-ci il tarixdə Şəxs şöbəyə gətirilməsini təmin etməsi üçün yenidən Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuşdur. Borclu Şəxs borcdan 200 manat ödəyərək 08.02.2022-ci il tarixli qəbzi şöbəyə göndərmişdir. İş üzrə tələbkar 09.02.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borcu Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclu 16.02.2022-ci il tarixdə polis tərəfindən şöbəyə gətirilmiş və izahatı alınmışdır. Borcludan məhkəmə qərarı üzrə borcun ödənilməsi tələb olunmuş, lakin borclu izahatında hazırda borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs borcun ödənilməsindən yayınır. İcra sənədi üzrə ödənişləri etməsi üçün etdikləri cəhdlər nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pulun tutularaq ona verilməsi qət edilmişdir. Lakin sözügedən qətnamənin icrası bugünədək təmin edilməmiş, Şəxs borcdan cəmi 200 manat ödəniş etmişdir ki, bu da ümumi borcun çox az hissəsini təşkil edir. Borclu hər dəfə müxtəlif bəhanələrlə borc üzrə ödənişi etməkdən yayınmaqdadır. O, borc üzrə ödənişi tələb edərkən kart hesabının açılaraq ödənişlərin həyata keçiriləcəyi bildirilsə də, həmin kart hesabı açıldıqdan sonra da borclu tərəfindən ödəniş həyata keçirilməmiş, yalnız onun şikayətləri əsasında 200 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. İzahatının sonunda borc məbləğinin tam olaraq ona ödənilməsini, ödənilmədiyi halda isə borclu barəsində inzibati həbs tənbeh növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli qətnaməsinə əsasən ondan əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pulun tutularaq X4 verilməsi qət edilmişdir. İş üzrə borclu o olsa da, həmin vəsait X2 faizə götürülərək üçüncü şəxsə verilmişdir. Həmin vəsait tələbkardan götürüldükdən bir müddət sonra üçüncü şəxs yəni, onun tanışı ona zəng vuraraq X4 həmin pul məbləğinin çox hissəsini ödədiyini, qalan məbləğin isə 1300 manat təşkil etdiyini bildirmiş və ondan xahiş etmişdir ki, həmin pulu götürüb Kəmalə Cəfərovaya versin. Qeyd olunan 1300 manat məbləği tanışından götürdükdən sonra Kəmalə Cəfərovaya zəng edərək ondan götürülmüş pulun çox hissəsinin tanışı tərəfindən ödənildiyini, borcun yerdə qalan hissəsinin, yəni 1300 manatı ona vermək istədiyini demiş, lakin Kəmalə onunla razılaşmayaraq ona bu günədək heç bir məbləğin ödənilmədiyini, verdiyi pulun tam olaraq qaytarılmasını istəmişdir. Kəmalə Cəfərova onunla razılaşmadığı üçün tanışından götürdüyü 1300 manatı da sonuncuya verməmişdir. Hal-hazırda isə o məhkəmə qətnaməsi ilə borclu hesab edildiyi üçün tələbkar həmin məbləği ondan tələb edir. Maddi imkanı yaxşı olmadığından və onun banklara kredit borcu olduğundan borcu tam olaraq ödəmək imkanına malik deyildir. Lakin ona vaxt verilərsə, pulu verdiyi tanışından həmin məbləği alaraq, tələbkara qaytara bilər. İzahatının sonunda məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1562/2021 nömrəli, 12.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs əsas borc üzrə 8600 (səkkiz min altı yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 313 (üç yüz on üç) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində pulun tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan, eyni tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən və Şəxs izahatlarından görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Şəxs verdiyi izahatlarında borcun ona aid olmadığını qeyd etməklə ödəniş edə bilmədiyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq, sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19.03.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19.03.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən, saat 15:10dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin X7 Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar