Məhkəmə qərarları › İş №3(006)-619/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-619/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-619/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 sentyabr 2021-ci il tarixdə, “28 May” metrosu daxilində maskadan istifadə etdiyi halda ona haqsız olaraq cərimə yazılmışdır. Metro daxilində o, maskadan istifadə etmiş, danışan zaman istifadə etdiyi maska burun nahiyəsindən sürüşüb düşdükcə əli ilə maskasını davamlı olaraq yuxarı qaldırmış və polis əməkdaşı da bu halın şahidi olmuşdur. Buna baxmayaraq polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, bundan sonra sonuncu ona cərimə yazıldığı bildirilmişdir. Belə ki, barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 22-ci PB-nin 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bundan başqa, şikayətçi N.N.Nemətov inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, həmin qərardan məlumatsız olduğu üçün şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən qərardan şikayət vermə müddətinin bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.N.Nemətov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və Nəsimi RPİ-nin 22-ci PBnin 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ 22-ci PB-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ 22-ci PB nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, N.N.Nemətov həmin tarixdə, saat 12:18-də Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosunda olarkən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, N.N.Nemətov Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, N.N.Nemətov 20 sentyabr 2021ci il tarixdə "28 May" metrostansiyasında olarkən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması səbəbindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, məhkəmə iclasında şikayətçinin izahatından da göründüyü kimi həmin tarixdə N.N.Nemətov fərdi qoruyucu vasitə olan tibbi maskadan qanunla tələb olunan qaydada istifadə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, N.N.Nemətovun barəsində Nəsimi RPİ 22-ci PB tərəfindən EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə görə əsaslı və qanunidir. Bu hal şikayətçinin ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatda da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi RPİ-nin 22-ci PBnin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunmasın. Nəsimi RPİ-nin 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar