Məhkəmə qərarları › İş №3(006)-62/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-62/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-62/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs QSC-nin vəkili hüquqi şəxs: X2 iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16, m.57; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 15.12.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs QSC 705.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 42.239,93 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X4 izahat verərək göstərdi ki, Şəxs QSC ilə Türkiyədə fəaliyyət göstərən “X7. Tic. LTD” şirkəti arasında 01.02.2019-cu il tarixli, AS-F-001/19 saylı təchizat müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə bu şirkətə 13.11.2019-cu il tarixdə 705.000,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Köçürülmüş vəsait üzrə sifariş verilmiş mallar demək olar ki, ölkəyə idxal olunsa da, 42.239,93 ABŞ dolları dəyərində mallar vaxtında hazırlanıb ölkəyə göndərilə bilinmədiyi üçün bu vəsait 11.10.2021-ci il tarixdə Şəxs QSC-nin bank hesabına geri qaytarılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 18.11.2021-ci il tarixli məlumatda Şəxs QSC-nin 13.11.2019-cu il tarixdə 01.02.2019-cu il tarixli, AS-F-001/19 saylı müqaviləyə əsasən avans olaraq 705.000,00 ABŞ dolları köçürüldüyü, lakin 42.239,93 ABŞ dolları bəyan edilmədiyi qeyd olunmuşdur; - Ödəniş sənədinə əsasən Şəxs QSC tərəfindən Türkiyədə fəaliyyət göstərən “X7. Tic. LTD” şirkətinin hesabına 01.02.2019-cu il tarixli, AS-F-001/19 saylı təchizat müqaviləsi üzrə 13.11.2019-cu il tarixdə 705.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - "xxxx" ASC tərəfindən Şəxs QSC-yə ünvanlanmış 14.01.2022-ci il tarixli, 04 saylı məktubda qeyd olunur ki, 13.11.2019-cu il tarixdə 01.02.2019-cu il tarixli, AS-F-001/19 saylı müqaviləyə əsasən avans olaraq köçürülmüş 705.000,00 ABŞ dolları vəsaitdən açıq qalmış 42.239,93 ABŞ dolları 11.10.2021-ci il tarixdə həmin müqavilə üzrə "xxxx" ASC-dəki hesaba qayıtmış 49.955 ABŞ dolları vəsait ilə əvəzləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Şəxs QSC tərəfindən 13.11.2019-cu il tarixdə Türkiyədə fəaliyyət göstərən “X7. Tic. LTD” şirkətinin hesabına 01.02.2019-cu il tarixli, AS-F-001/19 saylı müqavilə üzrə göndərilmiş 705.000,00 ABŞ dolları məbləğində olan vəsaitdən 42.239,93 ABŞ dolları 11.10.2021-ci il tarixdə geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar