Məhkəmə qərarları › İş №3(006)-62/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-62/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-62/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 müdafiəçisi – “Mərkəz” Vəkil Bürosunun Vəkil iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 onun barəsində İXM-nin 192.5-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də fəhlə peşəsində işləyən X3 məzuniyyət hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi haqqında 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Vətəndaş hazırda rəhbəri olduğu "xxxx" MMC ilə əmək müqaviləsini xx.xx.2018-ci il tarixində bağlamışdır və həmin tarixdən etibarən o, xx.xx.2018- xx.xx.2019 iş ili üçün 21 gün, xx.xx.2019-xx.xx.2020 iş ili üçün 21 gün, xx.xx.2020-xx.xx.2021 iş ili üçün 21 gün, ümumilikdə isə 63 gün əsas məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138.1-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Belə ki, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün əsas məzuniyyət hüququndan istifadə etmək üçün vətəndaş hər hansı müraciət etməmiş və ya istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, X5 ərizə ilə şirkətə müraciət edib işdən azad olunmağı ilə bağlı müraciət etmədiyindən ona son haqq-hesabın verilməsi mümkün olmamışdır. X5 "xxxx" MMC-nin işçisi olduğundan və onun işdən azad edilməsi üçün əsaslar mövcud olmadığından əsas məzuniyyət hüququndan istifadə edilməməsinə görə son haqq-hesabın ödənilməsi mümkün olmamışdır. Qeyd olunan hal isə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən vətəndaş X3 məzuniyyət hüquqları pozularaq ona iş ili bitməsinə baxmayaraq xx.xx.2021-xx.xx.2022-ci iş ilinə görə əmək məzuniyyəti verilmədiyinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilmədiyinə görə X2 İXM-in 192.5-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Qərar xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şəxs İXM-nin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki məzuniyyətə çıxmaq işçinin hüququdur. Bu hüququn həyata keçirilməsi qaydası Əmək Məcəlləsində müəyyən edilmişdir. İşçinin məzuniyyətdən istifadə etmək üçün ərizə ilə müraciət etməsi məsələləri araşdırılmamışdır, bu barədə sübut toplanılmamışdır. Çünki inzibati tənbehvermə haqqında qərardan, protokoldan və toplanmış materiallardan həmin məsələnin aydınlaşdırılması görünmür. Beləliklə, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən, işçinin məzuniyyətə çıxmaq üçün ərizə ilə müraciət etməsi, ümumiyyətlə məzuniyyətə çıxmaq üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prosedur qaydalara işçi tərəfindən əməl edilməsi, lakin işəgötürən tərəfindən məzuniyyətə buraxılmaması tam araşdırılmamış, təqsir dəqiq müəyyən edilməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Həmin protokolda müəyyən edilmiş inzibati xətanın mövcud olub-olmamasına dair səlahiyyətli şəxs İXM-də müəyyən edilmiş əlavə sübut növlərinə istinad etməklə şəxsin təqsiri təsdiq edildiyi təqdirdə, onun barəsində inzibati tənbeh tətbiq edə bilər. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 onun barəsində İXM-nin 192.5-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar