Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6228/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişmə hissəsində özünə məxsus ** TJ *** dövlət qeydiyyat nişalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin X9nə məxsus **-YP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulması haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun YPX inspektoruna həmin inzibati xətanı törətmədiyini və qarşıdan gələn nəqliyyat vasitəsinin ona yol verdiyini bildirməsinə baxmayaraq, ona israrla qayda pozuntusu etdiyini, inzibati xəta haqqında qərar qəbul olunacağını və onu ödəməsi barədə ona təkidlə göstəriş vermişdir. O, hüquq və vəzifələrinin ona izah olunmasını, törətdiyi inzibati xətanın mahiyyətini bildirməsini və protokol təılib olunmasını dedikdə ona vəzifə başında olan polisə göstəriş verirsən kimi acılı ifadələr işlətmiş və İnzibati Xətalar Məcəlləsinə əsasən polisin qanuni göstərişlərinə tabe olmamaq kimi sözlərindən istifadə etməyə başlamışdır. O, həmin halın getdikcə daha da çətinləşəcəyini gördükdə Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü olduğunu, vəkil olduğunu bildirmiş və onun qanunvericiliyə uyğun hərəkət etməli olduğunu tələb etmişdir. Onlar isə onun vəkil olduğunu gördükdən və onun israrlarından sonra Protokol qəbul etmiş və ərazini tərk etmişlər. O, vəkillik fəaliyyətində belə hallarla tez-tez rastlaşır və Yol Patrul Xidmətinin əməkdaşları inzibati xəta haqqında protokol tərtib etdikdə kobud qanun pozuntusuna yol vermələri müəyyən olunur və dəfələrlə məhkəmələrdə bu hallara yol verilməməsi barədə xəbərdar olunurlar. Bildirir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Odur ki, barəsində yazılmış xx.xx.2025-ci il tarixli İXP7421516 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqına qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 yuxarıda göstərilən məzmunda izahat verərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X6 tərəfindən X2 xx.xx.2025-ci il tarixdə, saat 17:44-də idarə etdiyi “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı, Səməd Vurğun 82 ərazisində yolayrıcını keçmə qaydalarını pozması müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 şikayət ərizəsində qeyd etdikləri əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş videogöüntüdən də görünür ki, X5 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Sağ tərəfdən gələn avtomobil ona yol vermiş olsa belə, sürücü sağ tərəfdəki avtomobilləri buraxmalı idi. Qeyd olunanlara əsasən X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 17:44-də idarə etdiyi ““MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-TJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı, Səməd Vurğun 82 ərazisində yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 17:44-də idarə etdiyi ““MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 82 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusil qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6228/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6228/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver