Məhkəmə qərarları › İş №3(006)-623/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-623/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-623/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 07, mənzil 102; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi üzrə tərtib olunmuş 08.02.2022-ci il tarixli, 00100-0278/22 (EP 0008189) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs MMC Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat vermişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, qısa idxal bəyannaməsini hazırlayan zaman yükləri daşıyan nəqliyyat vasitəsinin nömrəsi 65AA315/65AA316 kimi olduğundan, həmin sənədə uyğun olaraq **********5572 sorğu nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin də nömrəsi elə qeyd olunmuşdur. Sadəcə olaraq sonradan nəqliyyat vasitəsi dəyişilmiş və bu barədə heç bir məlumatları olmamışdır. Sərhədi keçən nəqliyyat vasitəsinin nömrəsi 79E86310/79E86410 kimi olduğu üçün gömrük bəyannaməsində də avtomatik olaraq həmin nəqliyyat vasitəsinin nömrəsi qeyd olunmuşdur. Bu səbəbdən **********5572 sorğu nömrəli qısa idxal bəyannaməsinin arxivləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan halların nəzərə alaraq yüngül cərimə olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 11.01.2022-ci il tarixli, **********5572 saylı qısa idxal bəyannəməsinin 21-ci qrafasında sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 65AA315/65AA316 olaraq qeyd edilmişdir; - 17.01.2022-ci il tarixli, **********7513 saylı gömrük bəyannəməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 79E86310/79E86410 olaraq qeyd edilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən təqdim olunmuş qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 17.01.2022-ci il tarixli, **********7513 saylı gömrük bəyannəməsində qeyd olunan nəqliyyat vasitəsinin nömrəsi ilə uyğunsuzluq təşkil etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131.1-ci maddəsinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük, nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar