Məhkəmə qərarları › İş №3(006)-6251/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-6251/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-6251/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, X2 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(018)-720/2025 saylı qərardadı ilə X2 Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə Astara Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Astara Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Astara rayonu, Alaşa kəndində qeydiyyatda olan X3 xx.xx.2025-ci il tarixdə Rixard Zorge küçəsində “VGV U75 PLUS” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Astara Rayon Məhkəməsi hesab etmişdir ki, inzibati xəta Bakı şəhəri, Nəsimi rayonu ərazisində törədildiyindən və X3 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir; 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1- ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Şikayətin və ona əlavə olunan sənədlərin öyrənilməsi zamanı, eləcə də “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə yoxlama ilə müəyyən edilmişdir ki, X1 rayonu, Alaşa kəndində qeydiyyatda olsa da, ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhəri Nəsimi rayonunun inzibati vahidinə aid ərazidə törədilmişdir. Qanunverici, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsini müəyyən edərkən, həmin Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halı istisna etmişdir, hansı ki, həmin maddədə Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətin şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verildiyi təsbit edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə müəyyən edilir Məhkəmə icraatının mümkünlüyü yoxlanılan şikayət üzrə mübahisələndirilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə, iş üzrə qərar İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq elektron qaydada çıxarılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016- cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3- cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Belə olan halda, hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Belə olan halda, Astara Rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş X2 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmasına dair ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77-ci və İnzibati Xətalar Məcəlləsinin 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 29250747 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər işin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar