Məhkəmə qərarları › İş №3(006)-6271/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6271/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6271/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 03 oktyabr 2025ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən Şəxs MMC tərəfindən DƏMX-nin X6 xx.xx.2025-ci il tarixli 3-17-5/2-44909/2025 saylı icrası məcburi göstəriş məktubunu icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokolu qəbul etmir. Belə ki, baş vermiş bədbəxt hadisə üzrə Şəxs MMC-nin və onun vəzifəli şəxsinin təqsiri sübuta yetirilməmişdir. Prokurorluq tərəfindən hadisə araşdırılmış və Şəxs MMC-nin təqsiri olmaması müəyən edilmişdir. Şəxs MMC-nin Ağcabədi filialının direktoru X5 Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar hazırda qanuni qüvvəsini almışdır. Bundan başqa, məktub şirkətə 03 iyun 2025-ci il tarixdə çatmış, 01 iyul 2025-ci il tarixdə isə, yəni məktubda göstərilmiş 30 gün ərizində məktub rəsmi qaydada cavablandırılmışdır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman şirkətin nümayəndəsinin və ya vəzifəli şəxsinin iştirakı təmin edilməmişdir. Bu isə şirkət tərəfindən öz təqsirsizliyini sübuta yetirəcək sübutları təqdim edə bilməməsinə səbəb olmuşdur. Şəxs MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 03 oktyabr 2025ci il tarixli “İnzibati xəta haqqında” protokol əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqi üzrə tərtib olunmuş aktda “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 4.3-cü bəndinə əsasən, hadisənin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi tələb olunmuşdur. Sözügedən hadisə Şəxs MMC-yə məxsus olmayan, digər fiziki şəxsə məxsus torpaq sahəsində baş vermişdir. Həmin vaxt Cəmiyyətin əməkdaşı, traktorçu Hüseynov Ehran humanist məqsədlə torpaq sahəsinin sahibi olan fermerə yardım etmək niyyəti ilə müdaxilə etmiş və nəticədə elektrik cərəyanına məruz qalmışdır. Əlavə olaraq bildirilmişdir ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(017)-214/2025 saylı iş üzrə qəbul edilmiş qərarında Şəxs MMCnin Ağcabədi filialının direktoru Məmmədov Qələndərin hadisənin baş verməsində hər hansı təqsirinin olmadığı hüquqi qaydada təsdiq olunmuşdur. Bu baxımdan, baş vermiş hadisə üzrə məsuliyyətin və hadisənin qarşısının alınması ite bağlı tədbirlərin Şəxs MMC tərəfindən hazırlanması və həyata keçirilməsi hüquqi əsaslara malik deyildir. Bununla yanaşı, Şəxs MMC tərəfindən əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının təmin olunması sahəsində mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, daxili normativ sənədlər və təlimatlar mütəmadi şəkildə yenilənir. Yuxarıda qeyd olunanları, eyni zamanda komissiya üzvləri tərəfindən təsdiq olunmamış təhqiqat aktını nəzərə alaraq, hadisənin qarşısının alınması məqsədilə tədbirlərin hazırlanması və icrası ilə bağlı məsuliyyətin Cəmiyyətə aid edilməsinin hüquqi və faktiki əsasının olmadığı bildirilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli məktubunda qeyd olunur ki, Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qərardan apellyasiya şikayəti verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir Məhkəmə ilk əvvəl qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsi məhkəməyə müşayiət məktubunu, inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında işin aidiyyyəti üzrə göndərilməsinə dair qərardadı təqdim etməklə kifayətlənmiş, xx.xx.2025-ci il tarixli 3-17- 5/2-44909/2025 saylı göstəriş məktubu və həmin məktubun Şəxs MMC-yə çatdırılmasına dair hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmiş, işin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda xx.xx.2025-ci il tarixli 3-17-5/2-44909/2025 saylı göstərişin mövcud olub-olmamasına dair məhkəmədə əsaslı şübhələr yaranmış, qeyd olunan məktubun mahiyyətini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən Cəmiyyətə məktub ünvanlandığını, həmin məktubun isə 03 iyun 2025-ci il tarixdə Cəmiyyətin ünvanına çatdığını, X8 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən məktuba cavab verilməsi tələb olunan 30 gün müddətində, yəni 01 iyul 2025-ci il tarixdə rəsmi formada cavab verildiyini qeyd etmiş, həmçinin qeyd olunan 01 iyul 2025-ci il tarixli məktubu məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin 01 iyul 2025-ci il tarixli məktubu, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli müşayiət məktubu məhkəmə iclasında tədqiq olunan zaman Komissiya tərəfindən tərtib edilmiş Təhqiqat aktından bəhs edildiyi müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən qeyd olunan Təhqiqat aktı məhkəməyə təqdim edilməmiş, bununla da, məhkəmə araşdırması zamanı qeyd olunan Təhqiqat aktının qanuna uyğun formada, yəni səlahiyyətinə aid olan şəxs(lər) tərəfindən tərtib edilib-edilməməsini, tərtib edilən zaman qanunun tələblərinə əməl edilib-edilməməsini, başqa sözlə Təhqiqat aktının hüquqi qüvvəsinin və qanuni əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Yaranmış şübhələrin aradan qaldırılması üçün məhkəmə iclası dəfələrlə təxirə salınsa da, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Məhkəmə, təqsirliliyi sübut etmək yükünün inzibati xəta haqqında protokol tərtib etmiş orqanın üzərinə düşdüyünü, habelə hazır ki, iş üzrə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 44909/2025 saylı göstərişin tərtib edilməsinə əsas olmuş Təhqiqat aktının hüquqi qüvvəyə malik olub-olmamasını müəyyən etmək mümkün olmamısını nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-44909/2025 saylı göstərişin icra edilməməsinə görə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-44909/2025 nömrəli göstərişin icra olunmaması əsası ilə Şəxs MMC barəsində heç bir əsas və uyğunluq olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsində şikayətçi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxılaraq, məhkəmə hadisənin baş verdiyi şərait təhlil edilərkən hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsinin müəyyən edilmədən yekun nəticə üzrə qiymətləndirmə aparılması, elektrik xəttinin yerdən 7-8 metr, su çiləyici qurğunun isə yerdən 4 metr məsafədə yerləşmişəsi, çiləyici qurğunun elektrik cərəyan xəttinə fiziki təması mümkün olmaması, Ağcabədi elektrik Şəbəkəsinin xx.xx.2025-ci il tarixli 20/129 nömrəli məktubunda yaranmış elektrik gərginliyinin yüksək ehtimalla dərman çiləyici qurğunun qolları açılarkən elektrik xəttinə təmas etməsi nəticəsində yarandığı və bu səbəbdən bədbəxt hadisə baş verməsi barədə qənaətin yalnız ehtimallara əsaslanması, həmin elektrik xəttinin keçdiyi ərazinin X2 xüsusi mülkiyyətində olması, onunla Şəxs MMC-nin Ağcabədi filialı arasında bağlanmış xam pambığın alqı-satqı müqaviləsinə əsasən, pambığın əkib-becərilməsi onun vəzifəsinin olması, zəruri hesab edildiyi halda onun sifarişi əsasında aqrotexniki xidmətlər göstərilməsi, cavabdeh sahənin mülkiyyətçisi və işi sifariş edən şəxs olaraq X3 müraciət edərək, razılıq alması bilavasitə onun vəzifəsinin olması, bundan başqa Şəxs MMC-nin Ağcabədi filialının direktoru X5 tərəfindən hər hansı bir qanun pozuntusunun və inzibati məsuliyyətinin yaratması halının müəyyən olunmaması qənaətinə gələrək, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli məktubuna əsasən Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qərardan apellyasiya şikayəti verilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Ağcabədi Rayon Məhkəməsinin 3(017)-214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 oktyabr 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar