Məhkəmə qərarları › İş №3(006)-6275/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6275/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6275/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə əsasında nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakları ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə tərtib edilmiş MN ******* saylı, 06 oktyabr 2025-ci il tarixli protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 məxsus ünvan 1 ünvanında yerləşən “Extra Fashion” mağazası tərəfindən reklam edilən vaxt qiyməti, qiymət güzəştlərinə ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Bununla əlaqədar X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X6 izahatında qeyd etmişdir ki, vətəndaş X4 müraciət edərək, “Extra fashion” mağazası tərəfindən “ekstra_fasion.az” instaqram sosial şəbəkə səhifəsində yayımlanan reklamda məhsulun satış qiymətinin endirimlə 39 manat olması barədə qeydin olduğu, lakin vətəndaş mağazaya müraciət etdikdə ona endirimin yalnız instaqram vasitəsilə gələnlər üçün keçərli olduğunun bildirildiyi və həmin məhsulun ona 45 manata satıldığı qeyd edilmişdir. Məsələ ilə əlaqədar daxil olmuş məlumatda isə sözügedən reklamın yayımından bir neçə saat sonra qeyd olunan qiymətin səhv yazıldığının müəyyən edildiyi və həmin reklamın yayımının dərhal dayandırıldığı bildirilmiş, lakin Agentlik tərəfindən aparılan araşdırma zamanı sözügedən reklamın “extra_fashion.az” instaqram sosial şəbəkə səhifəsində yayımının davam etdiyi faktı müəyyən edilmişdir. Bu səbəbdən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan X5 qeyd etmişdir ki, adıçəkilən reklam instaqram səhifəsində yayımlandıqdan bir neçə saat sonra qiymətin səhv yazıldığı müəyyən edilmiş və səhifədən silinmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Extra Fashion” mağazasına məxsus “ekstra_fasion.az” instaqram səhifəsində yayımlanan reklam stendinin surətindən görünür ki, 28 iyul 2025-ci il tarixdə mağazada satılan qadın üçün jilet və şalvar dəstinin endirimli qiyməti 39 manat təşkil edir. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli nəzarət kassa aparatının çekinin surətindən görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən “Extra Fashion” mağazasında qadın üçün jilet və şalvar dəstinin qiyməti 45 manat olaraq hesablanmışdır. İş materiallarında olan “Extra Fashion” mağazasına məxsus “ekstra_fasion.az” instaqram səhifəsində yayımlanan reklam stendinin surətindən görünür ki, 23 sentyabr 2025-ci il tarixdə mağazada satılan qadın üçün jilet və şalvar dəstinin endirimli qiyməti 39 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Həmin Qanunun 7.1.4-cü maddəsinə əsasən reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə bu cür reklam qeyri-dəqiq reklam hesab olunur. Qeyri-dəqiq reklama yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 28 iyul 2025-ci il tarixdə X2 məxsus “Extra Fashion” mağazasının rəsmi instaqram səhifəsində yayımlanan reklam stendində mağazada satılan qadın üçün jilet və şalvar dəstinin endirimli qiymətinin 39 manat təşkil etdiyi qeyd edilsə də, həmin tarixdə həmin geyim əşyası mağazadan alınarkən 45 manat olaraq hesablanmışdır. Bununla da X5 tərəfindən reklam haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından göründüyü kimi X5 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxsdir. Bu səbəbdən o, qanunvericiliyə əsasən vəzifəli şəxs hesab edilməli və vəzfəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar