Məhkəmə qərarları › İş №3(006)-63/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-63/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-63/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək guya 2022-ci ilin dekabr ayında "xxxx" MMC-yə şöbə rəisi vəzifəsinə təyin olunduğunu, hər ay 200 manat əmək haqqı aldığını, lakin onunla əmək müqaviləsi bağlanılmadığını bildirmiş və onun əmək hüquqlarının pozulması ilə bağlı ona kömək edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) təqsirli bilinmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri şliyi Xidməti Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsüz, əsassız, absurd, qanunların tapdalanması nəticəsində qəbul edilmiş, heç bir əsası olmayan və ən əsaslı ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlarla əlaqəli olan işlərə ədalətli baxılması barədə göstəriş və tapşırıqlarına zidd olduğundan ləğv edilməli və "xxxx" MMC-nin direktoru olaraq onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməmə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Qeyd edir ki, "xxxx" MMC-nin direktoru olaraq onun tərəfindən inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən müəyyən və aşkar edilməmiş "xxxx" MMC-nin direktoru olaraq onun guya X2 müraciəti əsasında həmin maddə ilə məsuliyyətə cəlb edildiyi göstərilmişdir. Bununla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, X6 onun tərəfindən heç bir işə cəlb olunmamışdır. Onunla heç bir əmək müqaviləsi bağlanmamış. Y.Məmmədova işə qəbul olunmaq üçün ona nə rəsmi formada, nə də şifahi formada müraciət etməmişdir. Onun bu xanımla heç bir əmək münasibətlərində olmamışdır. Y.Məmmədovamn ərizəsində qeyd etdiyi Yevlax filialında şöbə rəisi ştatı "xxxx" MMC-də yoxdur. Yevlax da "xxxx" MMC-nin filialı belə yoxdur. Həmçinin qeyd edir ki, "xxxx" MMC-yə aidiyyəti olmayan X12 öz təşəbbüsü ilə və yardım etmək məqsədilə 2022-ci ilin sonlarında ona tanışının tanışı Yaqut Məmmədova adlı şəxs vasitəsilə "xxxx" MMC-nin fəaliyyətinin Yevlax rayonunda qurulması (yeni yaradılması) üçün imkan yaradıla biləcəyini bildirmiş və Y.Məmmədovanın işə qəbul olunmasını təklif etmişdir. O isə ona "xxxx" MMC-də boş vakant yeri olmadığını bildirmiş və Y.Məmmədovanı işə qəbul etməkdən imtina etmişdir, həmçinin rayonlarda ştat vahidi, işçi saxlamağın həm iqtisadi səmərililik baxımından qaneedici olmadığını, həm də fəaliyyətinin "xxxx" MMC vasitəsilə qurduğumuza görə, belə işçilərə heç zərurət olmadığını qeyd etmişdir. Y.Məmmədova ilə onun qohumu Fətulla Oqtay arasında şifahi danışıq olmuş, onun bu danışıqların mahiyyəti üzrə məlumatlı olmamışdır. Fətulla Oqtaya hər hansı danışıq aparmaq üçün səlahiyyət verməmişdir. Y.Məmmədovaya idarə və müəssisələrə məktubların aparıb-gətirməsinə kömək olunması üçün "xxxx" MMC-nin direktoru olaraq onun xəbəri olmamış, bunu onun qohumu bildirmiş, Y.Məmmədova bu təklifi onun qohumuna rədd etmişdir. Y.Məmmədova ərizəsində "xxxx" MMC tərəfindən işlərə cəlb olunması, guya "xxxx" MMC-nin mühasibi tərəfindən ona əmək haqqı verilməsi, son haqq-hesab tələbi tamamilə yalan və əsassızdır. Ümumiyyətlə Y.Məmmədovaya nə direktor olaraq onun tərəfindən, nədə "xxxx" MMC-nin digər əməkdaşları tərəfindən heç bir ödəniş olmamışdır. Y.Məmmədova "xxxx" MMC-nin ona işə qəbul olunması üçün nə ərizə ilə, nə də şifahi müraciət etməmiş, Y.Məmmədova nə onu və nə də ki, mühasibi heç tanımır və üzdən görməmişdir. "xxxx" MMC-nin direktoru olaraq o, rayonlarda fərdi sahibkar, ********** saylı VÖEN əsasında fiziki şəxs kimi fəaliyyət göstərir. O, kommersiya fəaliyyətinin səmərəliliyinə nail olmaq, azgəlirli sahələrdən olan dövri mətbuat yayımı fəaliyyətini rentabellik səviyyəsində saxlamaq məqsədilə, qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində, həm hüquqi şəxs ("xxxx" MMC), həm də fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyətini qurur. Onun biznesinə aidiyyəti olmayan qohumu Fətulla Oqtayın səhv hərəkətləri nəticəsində onun kommersiya fəaliyyəti təhlükə altındadır. Onsuz da ağır iqtisadi məqamda hər hansı cərimələr və ya məhkəmələrdə vaxt itirməklə işin bağlanmasına, bir "xxxx" MMC-nin direktoru kimi onun borclanmasına gətirib çıxarmışdır. Nəticədə nəinki o və onun ailəsi, işçiləri, "xxxx" MMC ilə əməkdaşlıq edən şəxslər və onların ailə üzvləri zərərçəkmiş olar, işsiz və dolanışıqsız qala bilər, müəyyən qədər iş yerləri bağlanar. Yaqut Məmmədovanın ərizəsində qeyd etdikləri yalan və əsassız olmaqla, o cümlədən onun qeyd etdikləri ilə bağlı heç bir sübutlar yoxdur. Qeyd edir ki, "xxxx" MMC-nin Yaqut Məmmədova adlı işçisi olmamış. həmçinin Y.Məmmədova əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən mənim tərəfimdən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. X2 "xxxx" MMC-nin direktoru X10 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən heç bir mötəbər sübut və ya sübutlar olmamış, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən sübutlar əldə edilməmiş, işi araşdıran həmin idarə heç bir fakt və sübut olmadan tərtib edilmiş ptorokolu əsas götürərək məni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi mənim təqsirimi sübutlar olmadan və öz fərziyyələrinə istinad etməklə müəyyən etmişdir. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X14 izahatında göstərdi ki, vətəndaş X2 şikayəti əsasında Əmək müfəttişliyində araşdırma aparılmış. şikayətçi X19 Əmək müfəttişliyinə dəvət olunmuş, onun izahatı alınmışdır. Tam araşdırma apırıldıqdan sonra isə X19 barəsində inzibati protokol tərtib olunmuş və həmin protokol əsasında 4000 manat cərimə olunmuşdur. Nəzərinizə çatdırmaq istəyir ki, həmin Fətulla Oktay "xxxx" MMC-nin əvvəllər işçisi olub. Bu şəxsin əmək müqaviləsinə sonradan xitam verilmiş, lakin buna baxmayaraq Fətulla müəllim "Pressinform” MMC-nin işlərini görmüşdür. Həmin xanım "xxxx" MMC-nin Yevlax şəhəri üzrə nümayəndəsi olaraq müxtəlif qəzetlərə abuna olunması üçün müqavilələr bağlatdırır, həmin müqavilə əsasında "xxxx" MMC-nin hesabına abunə haqqları ödətdirir. Yalnız şikayətçinin araşdırması ilə X19 barəsində inzibati protokol tərtib olunmuşdur. Qeyd edir ki, X13 əvvəllər həmin MMC-nin işçisi olmuş, sonradan onun əmək müqaviləsinə xitam verilmiş, lakin o, MMC-nin işlərini yerinə yetirməyə davam etmişdir. Qeyd edilənlərə əsasən verilmiş şikayətin təmin edilməməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Yevlax şəhərində yaşayır. Uzun illər Yevlax rayon İcra hakimiyyətində işləmişdir. İşlədiyi dövrlərdə və indi də mətbuat yayımı ilə Yevlax rayonunda o məşğul olmuşdur. Əvvəllər «AzərMətbuat»la işləmişlər. Sonra həmin qurum dağıldı. Həmin dövrdə "xxxx" MMC-nin adından Fətulla Oktay müəllim iş təklifi verdi. Bu səbəbdən Oktay müəllimlə iş münasibəti yarandı. Mətbuat yayımı ilə məşğul olan "xxxx" MMC-nin və başqa bir neçə təşkilatın adı bizə Prezident aparatından göndərilmişdi. Oktay müəllimlə danışıqları belə oldu ki, ona rəsmi olaraq hər ay 200 manat məvacib ödəyəcəklər, o, onların Yevlax rayonu üzrə rəsmi nümayəndələri olacaqdır. Yevlax rayonunda həmin qurumun adından mətbuat yayımını o, təşkil edəcəkdir. Belə də oldu. Rəfail Hüseynovun qolu, imzası ilə o, Yevlax rayonunda mətbuat yayımı ilə məşğul olmuşdur. Bir neçə ay belə işlədilər. O, rəsmi işə qəbul olunmağı ilə bağlı bir neçə ay Oktay müəllimə müraciət etmişdir. Oktay müəllimin dediyinə görə o, "xxxx" MMC-nin Yevlax şöbəsinin rəisi olmalı idi. Oktay müəllim deyirdi ki, başqa rayonlarda işçilərə 150 manat verirlər. Ona istisna olaraq hər ay 200 manat məvacib verəcəklərinə söz vermişdilər. Birinci 6 ayı belə qayda ilə işlədik. Onun adına olan tam karta hər ay 200 manat pul vururdular. Sonra onun pulunu kəsdilər. O, Oktay müəllimin işçisi olan Leyla xanımla telefon əlaqəsi saxlamışdır. Leyla xanım ona bildirdi ki, Oktay müəllimlə danışıb ona məlumat verəcəkdir. Sonradan isə Oktay müəllim bütün danışıqları inkar edərək bildirdi ki, o. sadəcə ona yardım məqsədi ilə hər ay hesabına 200 manat pul köçürübdür. O da həmin vaxt Oqtay müəllimə bildirdi ki, ona yardım edincə gedib, Qarabağ qazilərinə, şəhid ailələrinə yardım edərdi. O, şəxsən Rəfail müəllimi tanımamışdır. Onunla bütün danışıqları "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim edən Oqtay Fətulla aparıbdır. Hətta "xxxx" MMC-nin rəsmi işçisi olan Leyla xanım da ona bildirirdi ki, Oqtay Fətulla onların böyüyüdür. O, "xxxx" MMC-nin yerləşdiyi binaya gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 05 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X11 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 4000 (dörd min yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2023-cü il üçün ştat cədvəlindən görünür ki, ştat cədvəlində direktor, baş mühasib, mühasib, ofis menecer və katibə olmaqla 5 vəzifə nəzərdə tutulmuşdur. İş materiallarında olan “Dövri mətbuatın respublika ərazisində daşınma və çatdırılmasına dair” 01 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-yə məxsus dövri mətbuatın daşınması və çatdırılması "xxxx" MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə, X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə və məsuliyyətə cəlb edilə bilməməsini bununla izah edir ki, iş üzrə şahid qismində dindirilmiş X1 Rəfail İsmayıl oğlunu tanımadığını, onunla danışığının olmamasını izahatında qeyd etmişdir. Eyni zamanda, X7 iddia edilən inzibati xətanın törədildiyi vaxt "xxxx" MMC-nin işçisi olması müəyyən edilmir. Belə olan halda X3 vəzifəli şəxs kimi öz öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmir. Bu öhdəliklər həmin vəzifəli şəxsin hüquqi şəxsin hər hansı bir işçisinin inzibati xəta törətməsinə yol verməməsi, bunun qarşısını alması və ya təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparması ilə bağlı öhdəliklərdir. Yalnız bu öhdəliklərin yetinə yetirilməməsi şəraitində hüquqi şəxsin işçisinin hərəkətinə görə vəzifəli şəxsin məsuliyyəti müəyyən edilə bilərdi. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Buna görə də X7 iddia olunan inzibati xəta törədilən vaxt "xxxx" MMC ilə hər hansı hüquqi bağlılığı müəyyən edilmədiyindən X3 vəzifəli şəxs kimi inzibati xəta törədilməsinə yol verməməsi, bunun qarşısını alması və ya təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparması ilə bağlı öhdəlikləri meydana çıxmır. Mövcud olmayan öhdəliyin pozulması faktından da söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar