Məhkəmə qərarları › İş №3(006)-631/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-631/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-631/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin 06 yanvar 2023-cü il tarixli, 3(004)-197/2023 saylı qərardadı ilə (Hakim: A.H.Səfərov) şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də operator peşəsində işləmiş X1 haqq-hesabının ödənilməməsi ilə bağlı şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi Cəmiyyətin onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi rəhbər tutularaq N.Muradzadə ilə Cəmiyyət arasında xx.xx.2022-ci il tarixindən iki ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və N.Muradzadə operator peşəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 2 dəfə uzadılmış və xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin müddətinin növbəti bitmə tarixi çatmışdır. Bu halda Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmədiyi üçün müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminə daxil edilmişdir. N.Muradzadə ilə işəgötürən arasında Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmasına baxmayaraq, N.Muradzadə işlədiyi dövrdə əmək funksiyalarının icrasına məsuliyyətsiz yanaşmış və nəticədə 26.07.22-ci il tarixində ona etibar edilmiş kassadan 600 manat pul vəsaitinin oğurlanması baş vermişdir. İşlədiyi dövrdə N.Muradzadə bu vəsaitin 200 manatını hər dəfə 100 manat olmaqda könüllü olaraq işəgötürənə ödəsə də, qalan hissəsini ödəməkdən imtina etmişdir. N.Muradzadənin əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) onun son haqq-hesabının hesablanması təmin edilmiş, ona 2022-ci ilin oktyabr ayında işlədiyi beş iş günü üçün 128.18 (yüz iyirmi səkkiz) manat 18 qəpik əmək haqqı və xx.xx.2022 - xx.xx.2022- ci il dövrü üçün müddətində istifadə edilməyən məzuniyyət günlərinə (10.72 təqvim günü) görə 195.86 (yüz doxsan beş) manat 86 qəpik pul əvəzi, ümumilikdə 324.04 (üç yüz iyirmi dörd manat dörd qəpik) əmək haqqı hesablanmış və qanunvericiliklə müəyyən edilmiş icbari ödənişlər tutulduqdan sonra xalis əmək haqqı 297.53 (iki yüz doxsan yeddi) manat 53 qəpik təşkil etmişdir ki, bu məbləğ də işçinin işəgötürənə vurduğu ziyanın məbləğindən (400 manat) az olduğu üçün işçidən son haqq-hesab aparılarkən tutulmuşdur. Beləliklə, işçinin işəgötürənə 102.47 (yüz iki) manat 47 qəpik borcu (600-200-297.53=102.47 manat) qalmışdır. Vətəndaş N.Muradzadə əmək müqaviləsinə xitam verildikdə son haqq-hesab zamanı onun əmək haqqından işəgötürənə vurduğu ziyanın qanunsuz olaraq tutulmasından Müfəttişliyə şikayət etmişdir. Bununla əlaqədar olaraq Cəmiyyət Müfəttişlik tərəfindən aparılan araşdırma zamanı rəsmi məktubu ilə müvafiq sənədləri (əmək müqaviləsinin bağlanılması və xitam bildirişləri, tam maddi məsuliyyət barədə müqavilənin surəti, son haqq-hesab sənədləri, vurulan maddi ziyan barədə sənədi və s.) Müfəttişliyə təqdim etmişdir. Lakin, Müfəttişlik son haqq-hesab aparılarkən işçinin əmək haqqından işəgötürənə vurulan ziyanın düzgün olaraq tutulmaması, yəni vurulan ziyanın hissə-hissə deyil tam məbləğdə tutulması qənaətinə gələrək onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.2.2-ci maddələrinə əsasən Müfəttişliyin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğunu hesab edir və ləğv edilərək icraata xitam verilməsini xahiş edir. Belə ki, müfəttişlik öz qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cü maddəsinin 1-ci hissəsinin a) bəndi, 205-ci maddəsinin 1-ci hissəsi ilə işəgötürənə verilən hüquqları məhdudlaşdırmışdır. Belə ki, son haqq-hesab zamanı işçidən tutulan 297.53 manat işçinin orta əmək haqqından (555.43 manat) aşağıdır ki, bu məbləğ son haqqhesab zamanı işçidən tam məbləğdə tutula bilər. Əmək Məcəlləsinin 175-ci maddəsinin 2ci hissəsinin c) bəndinə əsasən işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulur. Bu müddəadan da görünür ki, işçinin tam maddi məsuliyyət daşıdığı hallarda əmək haqqından tutulma onun orta aylıq əmək haqqından yüksək ola bilər. Həmin Məcəllənin 204-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Bu halda N.Muradzadə 2 dəfə hər dəfə 100 manat olmaqla könüllü olaraq vurulan ziyanın 200 manatını ödəsə də, sonrakı aylarda o bunu könüllü olaraq ödəməkdən boyun qaçırmışdır. Göründüyü kimi işçi vurulan ziyanı könüllü ödəməyə razı olduğu halda sonradan səlahiyyətlərindən sui-istifadə edərək ziyanı ödəmir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi H.Ə.Həsənli şikayətlə razılaşmayaraq bildirmişdir ki, Əmək Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Lakin hazırki iş üzrə N.Muradzadənin vurmuş olduğu ziyanın könüllü şəkildə ödəməsi ilə bağlı yazılı ərizəsi olmamışdır. Buna baxmayaraq işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş normalar pozulmaqla N.Muradzadəni işdən çıxararkən son haqq-hesabı onun MMC-yə vurduğu ziyana görə qanunsuz olaraq tutmuşdur. Həmçinin Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Belə ki, maddənin də mənasından göründüyü kimi hazırki, iş üzrə işçi tərəfindən vurulmuş ziyan 600 manat təşkil edir, işçinin işlədiyi müddət ərzində əmək haqqısının miqdarı 555,43 (beş yüz əlli beş) manat olmuşdur. Lakin işçi işdən çıxarılarkən bu hal nəzərə alınmamış və ona hesablanmış son haqq-hesab ödənilməmişdir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru R.M.Əbilov tərəfindən N.E.Muradzadənin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilərkən son haqq hesabı ödənilməmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru R.M.Əbilov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1.000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinı xitam verilməsi haqqında "xxxx" MMC-nin üzrə № 12/22-X saylı əmrinin surətindən görünür ki, "xxxx" MMC-də operator peşəsində işləyən N.E.Muradzadənin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, N.E.Muradzadə əmək müqaviləsinə xitam verildiyi gün son haqqhesabın hesablanması təmin edilmiş, ona cari əmək haqqı xx.xx.2022-xx.xx.2022-ci il dövrü üçün 10.72 təqvim günü müddətində istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya hesablanmış və son haqq-hesabdan işəgötürənə vurulan ziyan tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, N.E.Muradzadənin "xxxx" MMCdə operator fəaliyyətinə həmin tarixdə xitam verilmişdir. İş materiallarında olan N.E.Muradzadənin xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 10208 №-li məntəqədə o işdə olarkən bir nəfər tanımadığı şəxs özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edərək ondan su sayğacının kodunun öyrənməsini istəmiş, o, arxa otaqda sayğacın kodunu araşdıran zaman həmin şəxs qəflətən kassaya girərək 600 manat pul götürüb həmin məntəqəni tərk etmişdir. Oğurlanan pulun 200 manatını ödəmiş, qalan 400 manatı ödəməyə imkanı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-də operator işləyən N.E.Muradzadənin əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və ona ödənilməli olan son haqq-hesab MMC-yə vurmuş olduğu maddi ziyanın qarşılığı olaraq tutulmuşdur. Daha sonra sonuncu şikayət ərizəsi ilə Əmək Müfəttişliyinə müraciət edərək bu halın araşdırılmasını xahiş etmiş, şikayət əsasında əmək müffəttişliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində "xxxx" MMC-nin direktoru R.M.Əbilov barəsində 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru R.M.Əbilov tərəfindən N.E.Muradzadənin əmək haqqına tutulma tətbiq edilərkən əmək qanunvericiliyinin normaları, sonuncunun əmək haqqısına tutulma yalnız onun könüllü şəkildə yazılı ərizəsi ilə mümkün olduğu və işəgötürənin əmək haqqının tutulması ilə bağlı qərarı ilə razılaşmadığı halda məhkəməyə müraciət edilməsi halları nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi N.E.Muradzadənin "xxxx" MMC-də əmək fəaliyyətinə xitam verilən zaman MMC-nin direktoru R.M.Əbilov tərəfindən əmək qanunvericiliyinin normaları gözlənilməmiş, N.E.Muradzadəyə son haqq-hesab ödənilməmiş və Əmək Müfəttişliyi Xidməti tərəfindən qanuni olaraq 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru R.M.Əbilov tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozularaq N.E.Muradzadənin əmək fəaliyyətinə xitam verilərkən onun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında nöqsanlara yol verilmişdir. Buna görə də, "xxxx" MMC-nin direktoru R.M.Əbilov barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan R.M.Əbilovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar