Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6319/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Abidova Günay Çingiz qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nin Sahə rəisi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş Zaur Dadaşova nalayiq ifadələrlə söyüb, təhqir edib və xx.xx.2025-ci il tarixdə 20ci PB-nin iş rejimini pozaraq iflic vəziyyətə salmışdır. Polis əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nin Sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin direktoru Zaur Dadaşov tərəfindən şöbəyə Şəxs və atası Bəxtiyar Süleymanov barədə şikayət daxil olduğu üçün həmin şəxslər şöbəyə izahat alınması məqsədilə dəvət edilmişdir. Şikayətin məğzi ondan ibarət olmuşdur ki, xx.xx.2025-ci il tarixdə həmin şəxslər Zaur Dadaşovun ofisinə gələrək səs-küy salmış, onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə toxunan nalayiq ifadələr işlətmişdir. Qeyd olunanların video-yazısı məhkəməyə təqdim edilmişdir. Polis Şöbəsində isə Şəxs səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının iş ahəngini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Bu səbəbdən Şəxs 20-ci Polis Bölməsində izahatı alınmış, toplanmış material əsasında barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, vətəndaş Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək hüquq və vəzifələrinin ona aydın olduğunu, Müdafiəçiyə ehtiyacı olmadığını, öz hüquqlarını müdafiə edəcəyini və bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını qeyd etmişdir. İzahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə normal insanlıq halı olaraq əsəbi olmuşdur, Zaur Dadaşova qarşı hər hansı təhqir, söyüş işlətməmişdir. Eyni zamanda polis şöbəsində də o heç kimi söyməmiş, heç kimi təhqir etməmişdir. Sadəcə olaraq onu ora niyə çağırdıqlarını soruşmuşdur. Özünü təqsirli bilmədiyini, işləmədiyini, məsuliyyətə cəlb olunacağı təqdirdə cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid polis mayoru X6 bildirmişdir ki, Şəxs və atası Süleymanov Bəxtiyar izahat alınması məqsədilə bölməyə dəvət edilmiş, bölmədə səs-küy salmış, sizi belə-belə edərəm demişdir. Atası sakit və mədəni şəkildə münasibət göstərsə də, Şəxs polis əməkdaşlarının iş ahəngini pozmuş, polisin qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında şahid X8 xx.xx.2025-ci il tarixdə Şəxs onun ofisinə gəlib onu təhqir etdiyini, görüntü və səsin qeyd edildiyini bildirmişdir. Nə qədər ona məsələni izah etməyə çalışsa da, müvafiq bildirişləri məhkəmənin göndərdiyini bildirsə də, Şəxs onu başa düşməmiş, ailə üzvlərini təhqir etmişdir. Hətta ona “səni güllələyərəm” demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş audio-video yazıdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs "xxxx" MMC-nin direktoru Zaur Dadaşovun ofisinə daxil olmuş və ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətmişdir. Zaur Dadaşov müvafiq bildirişləri onun göndərmədiyini nə qədər izah etməyə çalışsa da, Şəxs daha da şiddətlənmiş Zaur Dadaşovun ailə üzvlərinə qarşı da nalayiq ifadələr işlətmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (audio-video yazı, raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd formada, şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmiş, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etmişdir. Bundan başqa polis əməkdaşlarının olduğu Polis Bölməsində əsassız səs-küy salmış, onların iş ahənginin pozulmasına səbəb olmuş və polis bölməsində polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs etdiyi hərəkətləri normal insanlıq halı hesab edir və əsəbiləşib başqa şəxslərin şərəf və ləyaqətinin alçaldılmasını sırf əsəbiləşib deyə normal hal hesab edir. Məhkəmə izah edir ki, normal birgəyaşayış qaydalarında insanın əsəbiləşməsi, hətta ona vəziyyətin izah edilməsinə baxmayaraq, yenə də səs-küy salması, başqasının şəxsi və ailə mənafelərinə qəsdən zərər vurmağa çalışması, qərəzli surətdə əxlaq və mənəviyyat qaydalarını pozması ona hər hansı müsbət formada haqq qazandırmır. Buna görə də şəxsin öz qanunsuz hərəkətlərinin mənasının başa düşməsi və gələcəkdə bu formada hərəkətlərdən çəkinməsi üçün inzibati məsuliyyətə cəlb edilməsi ümumi birgəyaşayış qaydaları baxımından xüsusilə əhəmiyyətlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 20:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin X1 və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №3(006)-6319/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6319/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver