Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6320/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MN1808199 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən o, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözü gedən Qərar onunla əsaslandırılmışdır ki, o, vətəndaş X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını dörd gün gecikdirərək etmişdir. Qeyd edir ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına işə qəbul edilmişdir. İşə qəbul olunduqdan iki gün sonra, yəni xx.xx.2025-ci il tarixdə şirkətin Quba rayonu ərazisində olan istehsalat sahəsində bədbəxt hadisə baş vermiş və C.Zeynalov həmin hadisənin iştirakçısı olmuşdur. Baş vermiş bədbəxt hadisə zamanı C.Zeynalova ilkin tibbi yardım göstərilmiş və onun müayinə olunması üçün ixtisaslaşdırılmış xəstəxanaya aparılması təmin edilmişdir. Həmin gün xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışdır. Belə ki, vətəndaş C.Zeynalov xəstəxanada müayinə olunan zaman səhhətində hər hansı bir ağır xəsarətinin olmadığı müəyyən edilmiş və hadisə ilə bağlı ona xəstəlik vərəqəsi açılmamışdır. Bu səbəbdən də C.Zeynalov növbəti iş günü işə çıxaraq əmək funksiyalarının icrasını davam etdirmişdir. Eyni zamanda hadisə baş verən gün qanunvericilikdə nəzərdə tutulmuş qaydada dərhal X3 Xidmətinin elektron poçt ünvanına məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərində qeyd edildiyi kimi işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli və əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsini təmin etməlidir. Əmək Məcəlləsində işçinin bədbəxt hadisələrdən icbari sığorta olunması ilə bağlı heç bir müddət göstərilməmişdir. Əgər o, vətəndaş X2 ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlamışdırsa, ona əmək kitabçası açmışdırsa niyə onu bədbəxt hadisələrdən icbari sığorta etdirməsin? Əgər onun iş sahəsində bədbəxt hadisə baş verirsə və onun məlumatını heç tərəddüd etmədən müvafiq dövlət orqanlarına vaxtında verirsə, deməli onun gizlədəcək və ya çəkinəcək qanundan kənar heç bir işi yoxdur. Bildirir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermiş və həmin gün X3 Xidmətinin elektron poçt ünvanına məlumat verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə həmin hadisənin tam təfərrüatı ilə bağlı X3 Xidmətinə rəsmi məktub ünvanlanmışdır. X3 Xidməti baş vermiş bədbəxt hadisənin təhqiqatını aparmaq üçün xx.xx.2025-ci il tarixli 3-17-5/3-2-1032/2025 nömrəli əmrlə rəsmiləşdirmiş və təhqiqat komissiyası işə başlamışdır. Qeyd edir ki, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı olaraq işçiləri bədbəxt hadisələrdən icbari sığorta etmə prosesinə cox diqqətlə yanaşır. Hesab edir ki, X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi heç bir humanizm göstərmədən qərəzli olaraq onu vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 469-1-ci maddəsi ilə cərimə etmişdir. Hesab edir ki, X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN1808199 saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. Lakin, X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq ona qarşı qanunazidd cərimə tətbiq etmişdir. AR İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsində bu Məcəllənin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslandığı göstərilib. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci bəndində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman onun izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3. maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer göstərilməli olduğuna baxmayaraq, DƏMX-nin Quba-Xaçmaz regional şöbəsi tərəfindən protokol inzibati xətanın törədildiyi ehtimal olunan iş yerində tərtib edilməmişdir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1808199 saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət verən şəxs və qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının işçisi X2 xx.xx.2025-ci il tarixində işə qəbul olunmuş və o, xx.xx.2025-ci il tarixdə şirkətin Quba rayonu ərazisində olan istehsalat sahəsində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bununla əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, şirkət tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması gecikdirilərək təmin edilmişdir. Bununla bağlı X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Qəbul olunan qərar qanuni və əsaslı olduğunu bildirərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Filialın işçiləri üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin edilməmiş, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə Filiala işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almış, xəsarət aldıqdan sonra onun bədbəxt hadisələrdən icbari sığortalanması gecikdirilərək təmin edilmişdir. X6 Unsal tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199 və 469-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, İXM-nin 469-1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2025-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin illik qoşmasının əlavəsindən görünür ki, Filialın 18 nəfər işçisi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Sığorta müqaviləsinin təminat dövrü xx.xx.2025-xx.xx.2026 olaraq müəyyən edilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iclasında müəyyən edildi ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almış, xəsarət aldıqdan sonra onun bədbəxt hadisələrdən icbari sığortalanması xx.xx.2025-ci il tarixdə, yəni gecikdirilərək təmin edilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən qeyd olunan qərarın ləğv olunması barədə X7 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6320/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6320/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver