Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-633/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə ermənistan respublikası, kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs dəfələrlə xəbərdarlıqlara baxmayaraq DİN-nin 102 zəng xidmətinə zəng vurub iş rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru E.B.İmanov bildirmişdir ki, xx.xx.2023cü il tarixdə polis bölməsinə daxil olmuş raporta əsasən, ünvan 2 ünvanında yaşayan vətəndaş Şəxs dəfələrlə DİN-nin 102 zəng xidmətinə zəng vurub iş rejimini pozmuşdur. Bununla əlaqədar o, həmin tarixdə Şəxs yaşadığı ünvana gedərək onu polis bölməsinə dəvət etmiş və polis bölməsində sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, heç vaxt əsassız olaraq 102 xidmətinə zəng vurub iş rejimini pozmamışdır. O, əsassız yerə sahə inspektoru E.B.İmanov tərəfindən 100 manat məbləğində cərimələndiyi üçün xidmətə şikayət etmişdir. Hadisə isə onun yaşadığı məhəllədə olmuş və həmin problemin həll edilməsi ilə bağlı 102 xidmətinə zəng vuraraq E.B.İmanovdan şikayətçi olduğunu bildirmişdir. Nəticəsi olmadığından o, məlumat almaq üçün təkrarən 102 xidmətini yığmış və məqsədi xidmətin iş rejimi pozmaq deyil, etdiyi şikayətin nəticəsinin öyrənmək olmuşdur. Lakin araşdırmaya barəsində şikayət etdiyi E.B.İmanov gəlmiş sonrada onun barəsində qanunsuz olaraq ikinci protokolu tərtib edərək məhkəməyə gətirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dəfələrlə xəbərdarlıqlara baxmayaraq DİN-nin 102 zəng xidmətinə zəng vurub iş rejimini pozmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 131 ünvanında yaşayan Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə zəng vurub iş rejimini pozması ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru E.İmanov 25 yanvar 2023-cü il tarixdə Şəxs yaşadığı ünvana gedərək sonuncunu polis bölməsinə dəvət etmişdir. İş materiallarında olan 04 dekabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 05:34 radələrində DİN-nin 102 zəng mərkəzindən daxil olmuş ********* saylı məlumatda Nəsimi rayonu, Azadlıq prospekti 99, mənzil 131 ünvanda yaşayan Şəxs xidmətə dayanmadan zən vuraraq iş rejimini pozur və izahatları dinləmir. İş materiallarında olan 04 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Şəxs mütəmadi olaraq xidmətə zəng vurmasını və iş rejimini pozması göstərilmişdir. Daxil olmuş məlumat əsasında araşdırılma aparılan zaman şikayət edilmiş şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq sonuncu telefon zənglərinə cavab verməmişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs mütəmadi olaraq xidmətə zəng vurmasını və iş rejimini pozması göstərilmişdir. Daxil olmuş məlumat əsasında araşdırılma aparılan zaman şikayət edilmiş şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq sonuncu telefon zənglərinə cavab verməmiş, bununla bağlı arayış tərtib olunmuşdur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 16 dekabr 2021-ci il tarixli, 1928 nömrəli məktubunun surətindən görünür ki, Şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ilk dəfə 04 dekabr 2022-ci il tarixdə AR DİN-nin 102 Xidmətinə Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru E.B.İmanov tərəfindən 100 manat məbləğində əsassız olaraq cərimələnməsi ilə bağlı şikayət etmiş, həmin şikayətin nəticəsini öyrənmək məqsədilə yenidən 25 yanvar 2023-cü il tarixdə AR DİN-nin 102 Xidmətinə müraciət etmişdir. Lakin araşdırmaya barəsində şikayət etdiyi E.B.İmanov gəlmiş, onun şikayəti araşdırılmadan yenidən barəsində əsassız olaraq protokol tərtib etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs verdiyi şikayətin nəticəsi barədə məlumat almaq məqsədilə AR DİN-nin 102 zəng xidmətinə bir dəfə zəng vurması onun ictimai qaydanı pozması və yaxud həmin xidmətinin əməkdaşlarının iş rejimini pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-633/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-633/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver