Məhkəmə qərarları › İş №3(006)-634/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-634/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-634/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 193/47-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 6-cı paralel, ev 0254-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman sola ara məhəllə yoluna dönmək üçün yerdəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində onunla eyni yolda hərəkət edən, X2 idarə etdiyi “Bajaj” markalı, 99-B-557 dövlət qeydiyyat nişanlı motosikletə yol vermədiyi üçün toqquşmuş, nəticədə motosikletin sürücüsünə yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə üzü “Şamaxinka” adlanan istiqamətdə hərəkət edən zaman “Qızıl Tac” şadlıq sarayının qarşısında sol birinci zolaqdan sola dönmə işıqını yandırmaqla əks istiqamətli yolu ayıran üfüqi nişanlanma xəttinin qırıq xətlər olan hissəsindən sola ara məhəllə yoluna keçmək üçün manevr etmişdir. Elə həmin vaxt onun arxasından nisbətən sol tərəfindən düzünə hərəkətdə olan “Bajaj” markalı, 99-B-557 dövlət qeydiyyat nişanlı motosiklet ilə idarə etdiyi avtomobilin ön sol hissəsi toqquşmuşdur. O, avtomobili saxlamış, motosikletin sürücüsü X4 yaxınlaşmış və ora təcili tibbi yardım çağırmışdır. Zərər çəkmiş şəxs ondan şikayətçi deyil. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində “Qızıl Tac” şadlıq sarayının qarşısında baş verib; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1432 saylı rəyinə əsasən X2 bədənində aşkar edilmiş xəsarətlər – sağ aşıq-baldır oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin, sağ diz oynağı nahiyəsinin və sağ baldırın sıyrıqları bərk küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ş.Rüstəmovun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • 09.07.2022-ci il tarixli, BA seriyalı, 420070 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 05.08.2022-ci il tarixli, BB281231 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur və bu avtomobil xx.xx.2024-cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün Şəxs verilib; • X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Bajaj” markalı, 99-B-557 dövlət qeydiyyat nişanlı motosikletlə Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə üzü “Şamaxinka” adlanan istiqamətdə hərəkət edən zaman qarşısında nisbətən sağda hərəkətdə olan “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Qızıl Tac” şadlıq sarayının qarşısında yolun əks istiqaməti ayıran qırıq xətlər olan hissəsindən sola əks manevr etdikdə qarşısını kəsmiş və həmin anda idarə etdiyi motosikletlə avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış və sağ ayağından xəsarət almışdır. Həmin avtomobilin sürücüsü ona kömək etmiş və hadisə yerinə təcili yardım çağırmışdır. Ona dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. Bu səbəbdən də onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur; • Notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən X2 Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinə görə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, yüngülləşdirən halın olmasını, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar