Məhkəmə qərarları › İş №3(006)-6370/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6370/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6370/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 161, mənzil 4; VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən işəgötürən tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarına əsasən elektron əmək müqaviləsinə keçid edilməsi üçün "xxxx" MMC-yə 3-17-5/2-71214/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göstəriş xarakterli məktub göndərilmiş, lakin göstəriş xarakterli məktubla tələb olunan elektron sənəd formasına keçirilməsi halının “Əmək və məşğulluq” altsisteminə baxış keçirən zaman təmin edilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək "xxxx" MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin "xxxx" MMC-yə ünvanlandığı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Qeyd olunanlara əsasən elektron sənəd formasına keçirilməyən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən müəyyən edilmiş müddətədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. Çıxarışın surətindən görünür ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinə dair icrası məcburi göstəriş məktubu "xxxx" MMC-nin elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı X4 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-71214/2025 nömrəli icrası məcburi göstərişi icra edilməmişdir. İnzibati Xətalar Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. "xxxx" MMC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə "xxxx" MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar