Məhkəmə qərarları › İş №3(006)-64/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-64/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-64/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 107b ünvanında 21 dekabr 2022-ci il tarixdə, saat 11:58-də “Optika-A” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, bununla da, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, əvvəlki illərdə X2 əməkdaşları tərəfindən hər il ona hesabfaktura təqdim olunmuş və o, həmin hesab-faktura əsasında hər ay post-terminal vasitəsilə ödənişləri həyata keçirmişdir. 2020-ci ildən sonra ona məxsus obyektə reklam ödənişi ilə bağlı heç kim yaxınlaşmamış, o da hansı hesaba ödəniş etməli olduğunu bilmədiyi üçün ödənişləri həyata keçirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Azərbaycan Respublikası X2 Bakı şəhəri Reklam İdarəsinə müraciət etmiş, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayına qədər olan dövr üçün yayım haqqını ödəmiş, 2020 və 2021-ci illər üçün ona güzəşt olunmuş, 2022-ci ilin yanvar ayından xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün yaranmış borcunu, yəni 682,32 manat məbləğində yayım haqqını ödəmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4 Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 107b ünvanında “Optika-A” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirilmişdir. Agentliyin əməkdaşları tərəfindən bu fakt xx.xx.2022-ci il tarixdə, saat 11:58-də aşkar edilmişdir. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün vəzifəli şəxsə də göndərilmişdir. Lakin daha sonra Şəxs müraciəti əsasında 2020 və 2021-ci illər üçün ona güzəşt olunmuş, 2022-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayına qədər olan dövr üçün ona hesab-faktura təqdim edilmiş və Şəxs tərəfindən 2022-ci ilin yanvar ayından xx.xx.2023-cü il tarixə qədər olan dövr üçün ödənilməmiş 682,32 manat məbləğində yayım haqqı ödənilmişdir. Hazırda Şəxs yayım haqqı ilə bağlı borcu yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində X4 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:58-də Şəxs məxsus “Optika-A” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. - “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” 05 dekabr 2022-ci il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 14:00-da Nəsimi rayonu, Azadlıq prospekti 107b ünvanında “Optika-A” adlı obyektin üzərində müvafiq icazə olmadan və müvafiq haqq vaxtında ödənilmədən 5 ədəd 5m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. - “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” Göstərişdən görünür ki, fərdi sahibkar Şəxs göstərişi aldığı vaxtdan 5 gün ərzində pozuntuları aradan qaldırmadığı təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə xəbərdar olunmuşdur. - 26.12.2022-ci il tarixli, 14643 saylı və xx.xx.2023-cü il tarixli, 10123 saylı ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən müvafiq yayım haqqının və dövlət rüsumunun ödənişi Bakı şəhəri Reklam İdarəsinin hesabına ödənilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Beləliklə, təqdim olunmuş qəbzlərdən görünür ki, Şəxs tərəfindən reklam yayımına dair tələb olunan məbləğ X2 Bakı şəhəri Reklam İdarəsinin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar