Məhkəmə qərarları › İş №3(006)-646/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-646/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-646/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi 1011 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 fevral 2022-ci il tarixdə saat 22:40-da Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 18 ünvanında yerləşən “Boss” gecə klubunda masanın üzərində nəzarətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Samsung A32” markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 18 ünvanında yerləşən “Boss” adlı klubda masanın üzərində nəzarətsiz vəziyyətdə olan “Samsung A32” markalı mobil telefonunun oğurlandığını bildirmişdir. Bundan sonra, aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və şəxs əməlini etiraf etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 01 (bir) il olar ki, tanıyır. Kəmaləni 4-5 gündən bir gecə kulubunda rastlaşmışdır. 07 fevral 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 18 ünvanında yerləşən “Boss” adlı gecə klubuna gəlmiş və masalardan birinə əyləşmişdir. Təxminən 20 dəqiqə sonra Kəmalə də onun olduğu kuluba gələrək onun oturduğu masaya yaxınlaşmış və onunla eyni masaya oturmuşdur. Onlar biraz əyləşib spirtli içki qəbul etdikdən sonra, o təxminən saat 22:20 radələrində hava almaq məqsədilə klubdan bayıra çıxmış, bir müddət sonra hava qəbul etdikdən sonra kuluba geri qayıtmışdır. O, kuluba geri qayıdan zaman girişdə qarderobun yanındakı masanın üzərində mobil telefon görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Masanın üzərindəki nəzarətsiz vəziyyətdə olan telefonu götürmüş və həmin klubu tərk etmişdir. Daha sonra oğurladığı mobil telefonu 210 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada törtədiyi əməli etiraf etmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə, saat 22:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 18 ünvanında yerləşən “Boss” gecə kulubunda olan zaman masanın üzərində nəzarətsiz vəziyyətdə qoyduğu özünə məxsus, 2021-ci ilin mart-aprel aylarında kreditlə aldığı satışda 799 manat olan “Samsung A32” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun telefonu tanışı Şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Onun şikayət ərizəsindən sonra oğurluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Halhazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2022-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Taleh Abdullayev tərəfindən qəbul edilmiş 16.02.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən, saat 20:50dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar