Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-647/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 17 fevral 2022-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X3 verdiyi izahatında bildirdi ki, 17 fevral 2022-ci il tarixdə, saat 14:40 radələrində yol patrul xidməti əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində Şəxs avtomobil ilə hərəkətdə olarkən saxlayıb ona İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması qeyd olunmaqla sənədlərini təqdim etməsi tələb olunmuş, lakin sonuncu sənədləri təqdim etməkdən qəsdən imtina etmiş, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə polis bölməsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində ona məxsus avtomobillə hərəkətdə olan zaman DYP əməkdaşlarının “saxla” əmri ilə dayandırılmış, bundan sonra DYP əməkdaşı ona yaxınlaşaraq yol hərəkəti qaydalarını pozduğunu bildirib sənədlərini təqdim etməyi tələb etmişdir. O, da öz növbəsində sənədləri yalnız qardaşı gəldikdən sonra təqdim edəcəyini bildirmişdir. Lakin DYP əməkdaşı onun avtomobildən düşməsini tələb etmiş, həmçinin onunla kobud şəkildə danışmağa başlamışdır. Bundan sonra post-patrul xidməti avtomobili ilə polis əməkdaşları gəlmiş və ona zor tətbiq edilmiş, avtomobildən düşürülmüş, düşürülən vaxt yumruqla gözünə xəsarət yetirilmiş, bundan əlavə üzərində olan üst geyimi lan gödəkçəsi cırılmışdır. Onun polis əməkdaşlarına qarşı müqavimət göstərmək və onların qanuni tələblərinə əməl etməmək niyyəti olmamış, sadəcə olaraq müvafiq sənədləşmənin aparılmasını təmin etmək üçün qardaşının gəlməsini gözləmişdir. İzahatının sonunda heç bir təqsirinin olmamasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü manqa komandiri X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 17 fevral 2022-ci il tarixdə, saat 14:40 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində bir nəfər şəxsin polisə tabe olmaması barədə məlumat almışlar. Dərhal Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsinə gələrək hadisə ilə əlaqədar olaraq sonradan şəxsiyyəti tam olaraq müəyyənləşmiş Şəxs polisin qanuni tələbinə tabe olaraq sənədlərini təqdim etməsi və avtomobildən düşməsi təklif olunsa da, sonuncu tələblərə əhəmiyyət vermədən avtomobildə əyləşəcəyini və sənədlərini təqdim etməyəcəyini israrla qeyd etmişdir. Bundan sonra şəxs polis əməkdaşlarının birgə köməkliyi ilə avtomobildən düşürülmüş və post-patrul xidməti avtomobili ilə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. Bundan əlavə, Şəxs öz avtomobilindən düşürülərkən müqavimət göstərdiyi üçün avtomobilin qapı hissəsinə alın nahiyəsi dəymiş və xəsarət almışdır. Lakin polis əməkdaşları ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis kiçik serjantı X5 da şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X6 oğlu tərəfindən tərtib edilmiş 17.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-647/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-647/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver