Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-648/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-in nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 42, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə tərtib olunmuş 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC məcburi sertifikatlaşdırılmalı olan “HP” markalı noutbuku belə sertifikat olmadan satmışdır. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, inzibati xəta haqqında protokola əsasən şirkət uyğunluq sertifikatı olmadan “HP” markalı noutbuku vətəndaşa satmışdır. İlk olaraq qeyd etmək istəyir ki, protokolda noutbukun kim tərəfindən və hansı tarixdə haradan əldə olunması göstərilməmiş, bununla da protokolun tərtib olunması ilə bağlı tələblər pozulmuşdur. Bundan əlavə bildirir ki, şirkət malların satışını qanunvericiliyə uyğun olaraq aparır, hansı mallara məcburi sertifikatlar tələb olunursa, onlarla bağlı belə sənədlər əldə edilir. İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət müəyyən edir. Bundan əlavə, “Texniki tənzimləmə haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Noutbukun yüksək riskli mallara aid edilməsi və onların məcburi sertifikatlaşma mallarına aid edilməsinə dair hər-hansı bir siyahı, normativ-hüquqi akt yoxdur. Göründüyü kimi, bu mallara məcburi sertifikatlaşdırma tələb olunmur. Əks halda şirkət belə məhsula uyğunluq sertifikatını əldə edərdi. Tərtib olunmuş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə keçirilmiş iki məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma rəsmi məlumatın verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmədə iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə işə bu qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 10.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs MMC-yə məxsus mağazada “HP” markalı noutbuk uyğunluq sertifikatı olmadan satılmışdır. Xətanın törədildiyi vaxt və yer göstərilməmişdir; Müraciətçinin şikayət vərəqəsi”nə əsasən X6 Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyinin “Çağrı Mərkəzi”nə 07.01.2021-ci il tarixdə etmiş olduğu müraciətdə qeyd edir ki, o, Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən mağazasından 16.10.2020-ci il tarixdə 1 illik zəmanətlə noutbuk almış, daha sonra yaranmış qüsurla bağlı bu malı 02.11.2020-ci il tarixdə mağazanın servis xidmətinə təhvil vermişdir. Lakin üç aydan artıq müddətin keçməsinə baxmayaraq, onun noutbuku təmir olunub qaytarılmamış, bununla bağlı müxtəlif bəhanələr gətirilmişdir; X5 müraciətində göstərilən məsələnin araşdırılması və görülmüş tədbirlər barədə məlumatın verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-yə 11.01.2021-ci il tarixdə məktub göndərilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir (5-ci maddənin 2-ci bəndi); Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir (10-cu maddənin 5-ci bəndi); İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini və s. (18.0-ci maddə). “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8-ci maddə); sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na Əlavəyə - Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısına ümumistifadəli telekommunikasiya şəbəkəsində işləmək üçün nəzərdə tutulmuş faksimil rabitə aparaturası və kompyuterlər də daxil edilmişdir (7.2.2-ci bənd). Məlum olduğu kimi, noutbuk kiçik ölçülərə malik, mobil istifadə üçün işlənib hazırlanan fərdi kompyuterdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində işləmək üçün nəzərdə tutulmuş kompyuterlər məcburi sertifikatlaşdırılmalıdır. Şəxs MMC də vətəndaşa satdığı noutbuku məcburi sertifikatlaşdırılmadan keçirmədiyi üçün onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi yer və vaxt dəqiq olaraq göstərilməsə də (halbuki İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən protokolda bu məlumatlar mütləq əks olunmalıdır), xətanın törədildiyi vaxt şərti olaraq protokolun tərtib edildiyi 10.02.2021-ci il tarix götürülsə belə, onun törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 447-ci maddəsi Məcəllənin 35-ci fəslinə, yəni ticarət qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-648/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-648/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver