Məhkəmə qərarları › İş №3(006)-6505/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6505/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6505/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 388-2.0.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən ünvan 1 ünvanında Şəxs MMC-nin “MTV” redaksiyasının (kanalının) efirində xx.xx.2025-ci il tarixində, saat 20:31 – 21:24 arası yayımlanan “Toya gəlmişik” proqramında uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinin (ailə institunu nüfuzdan salan informasiya) tələbi pozulmuşdur. Fakt xx.xx.2025-ci il tarixdə, saat 09:30 aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Şəxs MMC-nin direktoru X2 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə razı deyil. Belə ki, qeyd olunan protokol qanunun tələbləri pozulmaqla tərtib edilmiş, iş üzrə mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. İlk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, inzibati xəta haqqında protokol tərtib olunan zaman qeyd olunan informasiya məhsulunun “18+” yaş kateqoriyasına aid olubolmamasına dair ekspertiza keçirilmədən və müvafiq rəy alınmadan Şəxs MMC barəsində əsassız yerə inzibati xəta haqqında protokol tərtib edlmişdir. Bundan başqa qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib olunan zaman həmin protokolun mahiyyəti ona izah olunmadan, ona sənədlər təqdim edilərək sənədlərdə müvafiq xana göstərilərək həmin xanaya imza çəkməsi tələb edilmişdir. Onun hüquqi biliyi olmadığından və qeyd olunan sənədlərin mahiyyətini bilmədiyindən həmin sənədlər imza çəkmişdir. Ona məhkəmədən bildiriş gəldikdə direktoru olduğu Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bilmişdir. Hazırda Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayətçidir. Qeyd etdiklərini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə iş üzrə icraata xitam verilməsini, həmçinin, məhkəmənin icraatında olan 3(006)-6505/2025 saylı inzibati xəta haqqında işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses işirakçısını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 388- 2.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında Şəxs MMC-nin “MTV” redaksiyasının (kanalının) efirində xx.xx.2025-ci il tarixində, saat 20:31 – 21:24 arası yayımlanan “Toya gəlmişik” proqramında “uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinin (ailə institutunu nüfuzdan salan informasiya) tələbi pozulmuşdur. Fakt xx.xx.2025-ci il tarixdə, saat 09:30 aşkar edilmişdir. Faktın Azərbaycan Respublikası Audiovizual Şurasının audiovizual proqramların monitorinqi, təhlili və kommersiya şöbəsinin arayışı (CD disk və video görüntü) təsdiq edildiyi qeyd edilmişdir. “Audiovizual proqramların monitorinqi və təhlii şöbəsi tərəfindən təqdim olunmuş MP / TV-147 / 2025 nömrəli arayışa dair” Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, HR-046/2025 saylı hüquqi rəydə qeyd olunmuşdur ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni 22 10.2025ci il tarixdə "Muz TV Azərbaycan” MMC-nin "MTV” redaksiyasının efirinin saat 20.31-21 24 arası yayımlanan "Toya gəlmişik” proqramında qohumların - xalaqızı və xalaoğlunun - toy məclisinin nümayişi ("...Aparıcı: Qohuma verirsiz də, arxayınsız, eləmi? Gəlinin anası: Həə, bacıma verirəm arxayınam. Aparıcı: Ay nə gözəl. Bacıya verirsən də, tam arxayındı artıq. İndi bacıyla qohum olassız da, daha da yaxınlaşacaqsız. Onsuz da bacı elə bir şeydı ki. ondan o tərəfi yoxdu. Bu doğmalıq daha da gözəl olacaq. Gəlinin anası: Əlbəttə. " "Azərbaycan Respublikasının Ailə Məcəlləsi'nin 12.0.2-1-ci maddəsinin (qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlan arasında nikahın bağlanmasına yol verilmir), "Media haqqında” Qanunun 14.1.15-ci maddəsinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) və ‘Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.2.2-ci maddəsinin (bu Qanunun 4.2.4-cü maddəsinin tələbi - ailə institutunu nüfuzdan salan informasiya (ailə dəyərlərini inkar etməklə yaxud ailə, nikah, analıq və atalıq kimi sosial institutların əhəmiyyətini heçə endirməklə uşaqlarda ailə-nikah sahəsi ilə bağlı təhrif olunmuş təsəvvürlər yarada bilən məlumatların) yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur) tələblərinin pozulması halıdır. Qeyd edilən fakt inzibati xətadır və inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388.2.0.4-cü maddəsində qeyd olunur ki. “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsınə gorə huquqı şəxsə- üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, protokol tərtib edilmiş, işin faktiki halları üzrə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 388-2.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Belə ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs MMCnin təqsirliliyi təkzib olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 388-2.0.4-cü maddəsi ilə tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda ünvan 1 ünvanında Şəxs MMC-nin “MTV” redaksiyasının (kanalının) efirində xx.xx.2025-ci il tarixində, saat 20:31 – 21:24 arası yayımlanan “Toya gəlmişik” proqramında uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinin (ailə institunu nüfuzdan salan informasiya) tələbinin pozulması göstərilsə də, qeyd olunan proqramda “uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinin (ailə institunu nüfuzdan salan informasiya) tələbinin pozulmasının hansı mötəbər sübutla müəyyən edilməsinə dair sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə görə inzibati tənbeh nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.19-cu maddəsinə əsasən ekspert – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının aparılması məqsədi ilə ekspert rəyi verən şəxsdir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.19. ekspert – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının aparılması məqsədi ilə ekspert rəyi verən şəxsdir. 14.1. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən təşkil olunur. 14.2. Bu Qanunun icrasına nəzarəti həyata keçirən televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı və müvafiq icra hakimiyyəti orqanları (bundan sonra – müvafiq dövlət orqanları) informasiya məhsulunun işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir. 14.3. İnformasiya məhsulunun ekspertizasının aparılma müddəti otuz gündən çox ola bilməz. 14.4. Ekspertizanın nəticələrini özündə əks etdirən ekspert rəyi ekspertizanı sifariş edən şəxsə təqdim edilir. Bu Qanunun 14.2-ci maddəsinə əsasən aparılan ekspertiza üzrə ekspert rəyinin surəti informasiya məhsulunun istehsalçısına və ya yayıcısına göndərilir. İş materiallarına əlavə edilmiş “Audiovizual proqramların monitorinqi və təhlii şöbəsi tərəfindən təqdim olunmuş MP / TV-147 / 2025 nömrəli arayışa dair” xx.xx.2025-ci il tarixli, HR-046/2025 saylı hüquqi rəydən görünür ki, həmin rəy Azərbaycan Respublikası Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Kamran Əliyev tərəfindən tərtib edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Bundan başqa “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.19-cu maddəsinə əsasən ekspert – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının aparılması məqsədi ilə ekspert rəyi verən şəxsdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, HR-046/2025 saylı hüquqi rəy inzibati icraat aparan orqanın əməkdaşı tərəfindən tərtib edilmişdir. Həmin əməkdaşın pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olmasını məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Kamran Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, HR-046/2025 saylı hüquqi rəy hazırki iş üzrə heç bir hüquqi qüvvəyə malik olmamaqla, iş üzrə mötəbər sənəd hesab edilmir və ekspert rəyi kimi qəbul edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və ədalətliliyi, hüquqi qüvvəsi olan, iş üzrə mötəbər hesab edilə biləcək sənədlərin toplanmasından asılıdır. Sübutların toplanması prosesində qanunun tələblərinə riayət etmək inzibati icraat aparan orqanın üzərinə düşür ki, bu hüquqi dövlət prinsipinin təzahürü, şəxsin təqsirinin sübuta yetirilməsi üçün ilkin və zəruri şərtdir. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, Azərbaycan Respublikası Audiovizual Şurasının mövqeyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, hüquqi şəxsin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, sübutların toplanması prosedurunda yol verilmiş kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 388-2.0.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 2.0.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar