Məhkəmə qərarları › İş №3(006)-6545/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6545/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6545/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru X1 iştirakları ilə, 18 avqust 2000-ci ildə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Keçili Ə/D, Keçili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 28 oktyabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs “Changan Uni-T Minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 28 oktyabr 2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə edərkən zərərçəkmiş şəxsə maddi zərər vurmuş və eyni zamanda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldıqdan sonra tibbi müayinədən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3, 343-1.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru X2 izahatında göstərdi ki, o, Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti əməkdaşları Elturan Cəfrzadə və Ruslan Vəliyevlə birlikdə xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Nəsimi rayonu, ərazisində xidməti vəzifələrini yerinə yetirərkən “Changan Uni-T Minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tütün məmulatını avtomobildən bayıra tullamasını müşahidə etmişlər və buna görə də, həmin avtomobilin sürücüsünə “saxla” əmrini vermişlər. Lakin “Changan Uni-T Minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü uzaqlaşaraq avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, daha sonra isə yüksək sürətlə avtomobili hərəkət etdirdiyindən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra sürücünün sərxoş vəziyyətdə olmasına əsaslı şübhələr müəyyən edilmişdir. Buna görə də, sürücünün şəxsiyyəti müəyyən edildikdən sonra tibbi müayinəyə aparılmış, lakin Şəxs sərxuşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmalı olan tibbi müayinədən imtina etmişdir. Bundan sonra, Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, dostları ilə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olmuş və dostunun avtomobilində olan ətirdən istifadə etmək istəmişdir. Həmin vaxt orada olan “parkovşik” ona avtomobili nizamlı yerə çəkərək saxlamasını xahiş etmiş, o da avtomobili biraz sürdükdən sonra qayıdıb yerinə qoymaq qərarına gəlmişdir. Bundan sonra dostunun avtomaşınını idarə etməyə başlamışdır. Biraz getdikdən sonra yol-patrul xidməti əməkdaşları ona “saxla” əmrini vermişlər. Bundan sonra, həyəcanlanmış və avtomobili yüksək sürətlə hərəkət etdirərək uzaqlaşmağa çalışmışdır. Lakin sürətlə idarə etdiyindən avtomobil bir müdət sonra idarə etmədən çıxmış və yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra hadisə yerinə gəlmiş yol-patrul xidməti əməkdaşları onu sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparmışdır. Lakin tibbi müyinə zaman ondan idrar verməsi tələb edildiyindən o razılaşmamış və imtina etmişdir. Daha sonra izahatı alınmış və etdiyi hərəkətlərin səhv olduğunu anlamışdır. Lakin onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İzahatının sonunda barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin DYPŞnin yol-patrul xidməti baş inspektoru X3 izahat verərək bildirmişdir ki, o, Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru Elturan Cəfərzadə ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Nəsimi rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən “Changan Uni-T Minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tütün məmulatını avtomobildən bayıra tullamasını müşahidə etmiş və həmin avtomobilin sürücüsünə “saxla” əmri versələr də, qeyd olunan avtomobilin sürücüsü onların tələblərini yerinə yetirməkdən imtina edərək yüksək sürətlə hərəkətini davam etdirmişdir. Həmin avtomobilin sürücüsü avtoxuliqanlıq hərəkətləri etdikdən sonra qəza törətmişdir. Hadisə yerində Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsinə şübhələr yaranmışdır. Buna görə də, Şəxs tibbi müayinə olunmaq üçün müvafiq mərkəzə aparılmış, lakin sonuncu müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra, Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 1/1874 saylı Aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina etmişdir. İş materiallarında olan 28 oktyabr 2025-ci il tarixli, 2/2643 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair tibbi müayinə aktından görünür ki, 2000-ci il təvəllüdlü Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. İş materialına əlavə edilmiş CD diskdən görünür ki, “Changan Uni-T Minik” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Nəsimi rayonu ərazisində hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu və onlara əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.5-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 343-1.4-cü maddəsinə əsasən bu Məcəllənin 333-1.4 və 333-1.5ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta hadisəsini sərxoş halda törətməsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 343-1.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 02 (iki) ay müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən, saat 03:10dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar