Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-655/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında 22-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” y/m, ev 17, mənzil 27-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 21.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 21 fevral 2022-ci il tarixdə, saat 10:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X4 izahat verərək göstərdi ki, Bakı şəhər X8 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayının kiçik serjantı X2 raportla müraciət edərək bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə, saat 10:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində xidmət apararkən Bakı şəhər X8 İdarəsinin növbətçisi tərəfindən həmin yerdə olan “Hyundai” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün zəruri tədbirin görülməsi barədə tapşırıq vermişdir. O da dərhal həmin avtomobilə yaxınlaşaraq onun sürücüsündən avtomobili kənara verib saxlamağı və sənədlərin təqdim olunmasını tələb etsə də, sürücü Şəxs buna məhəl qoymamış, müxtəlif bəhanələr gətirərək göstərişlərə tabe olmamış, özünü təqdim etməyərək avtomobili polis əməkdaşının üzərinə sürüb hadisə yerindən yayınmışdır. Hadisə barədə Hüseynov Kənan dərhal Növbətçi hissəyə məlumat vermiş və Şəxs bir az irəlidə, “Nizami” kino mərkəzinin arxasında digər yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman o, polis əməkdaşları ilə mübahisə etmiş, hadisə yerində olan post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə o, xidməti avtomobilə əyləşdirilərək 22-ci polis şöbəsinə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, Şəxs ödənilməmiş inzibati cərimləri var, həm də o, mülki öhdəliklərini icra etmədiyi üçün Masallı rayon İcra şöbəsində axtarışdadır. Bundan əlavə, sosial şəbəkələrdə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq etməsi barədə görüntülər var. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 21 fevral 2022-ci il tarixdə, saat 10:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında idarə etdiyi “Hyundai” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən polis əməkdaşı ona yaxınlaşıb avtomobili kənarda saxlamağı və ondan düşməyi tələb etmişdir. O da bu şəxsdən özünün təqdim etməsini və nə səbəbə avtomobilini saxlamalı olduğunu soruşanda, habelə Bakı Musiqi Akademiyasının 1 kurs tələbəsi olan qızını təhsil aldığı yerə düşürməli olduğunu deyəndə, polis əməkdaşı onunla kobud danışmışdır. Həmin ərəfədə sıxlıq və qəzalı şərait yarandığından o, işıqforun yaşıl işığında avtomobilini sürüb getmişdir ki, qızını Akademiyaya düşürüb geri qayıtsın. Lakin “Nizami” kino mərkəzinin arxası tərəfdən sola dönərkən qarşısına post-patrul xidməti avtomobili çıxmış, o da bu maşına yol vermək üçün öz avtomobilini geriyə hərəkət etdirən zaman onun arxasını yol-patrul xidməti avtomobili kəsmişdir. Sonra yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq onunla kobud rəftar etmiş, o da onların hərəkətinə öz etirazını bildirəndə ona qızının gözü qarşısında zor tətbiq edib, şalvarının cibini çırıb polis avtomobilinə əyləşdirmişlər. O, heç bir qanun pozuntusuna yol verməmişdir. İşsizdir, İİ dərəcəli şəkərli diabet xəstəsidir. İş materiallarında olan diskdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində bir nəfər polis əməkdaşı ağ rəngli “Hyundai” markalı avtomobilə yaxınlaşaraq onun sürücüsünə nəsə bildirir, sonra sürücü avtomobili sağa verib sürmək istəyərkən polis əməkdaşı maşının qabağını kəsir, daha sonra yenidən sürücü tərəf keçəndə sonuncu avtomobili polis əməkdaşının üzərinə sürüb hadisə yerindən yayınır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə təqdim olunmuş videogörüntülərə baxıb və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-655/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-655/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver