Məhkəmə qərarları › İş №3(006)-662/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-662/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-662/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi Qulu-zadə Nəriman Əjdər oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 qanuni təmsilçisi: X1; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 27.812.445,45 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 2.819.219,38 Rusiya rublu dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Qulu-zadə Nəriman Əjdər oğlu izahat verərək göstərdi ki, cəmiyyətlə Rusiyada yerləşən “xxxx” MMC ilə bağlanılmış xx.xx.2018-ci il tarixli, İB/2018/116 saylı müqaviləyə əsasən sənayedə istifadə olunan nasos-kompressor borusu və s. avadanlıqların alışı ilə bağlı həmin müəssisəyə xx.xx.2019-cu il tarixli, 06 saylı invoys üzrə 27.812.445,45 Rusiya rublu xx.xx.2019-cu il tarixdə bank vasitəsilə köçürülmüşdür. 23.993.226,07 Rusiya rublu dəyərində sifariş edilmiş mallar “xxxx” MMC tərəfindən Şəxs MMC-yə göndərilmiş, 1.000.000 Rusiya rublu şirkətə geri qaytarılsa da, 2.819.219,38 Rusiya rublu dəyərində malları həmin şirkət vaxtında göndərməmişdir. Lakin hazırda bu məbləğin 2.814.842,21 dəyəri üzrə də mallar ölkəyə idxal olunmuş, yalnız 4.377,17 Rusiya rublu dəyərində mallar qalmışdır. Şəxs MMC-nin hərəkətində heç bir qərəz yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallardan görünür ki: - “xxxx” ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda Şəxs MMC-nin 27.812.445,45 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallardan 3.819.219,38 Rusiya rublu dəyərində malın qalıq qaldığı göstərilmişdir; - Köçürmə haqqında ərizədən aydın olur ki, Şəxs MMC tərəfindən tarixdə Rusiyada yerləşən “Заполярье” ИНН şirkətinin hesabına xx.xx.2018-ci il tarixli, İB/2018/116 saylı müqavilə ilə bağlı xx.xx.2019-cu il tarixli, 06 saylı invoys əsasında 27.812.445,45 Rusiya rublu köçürülmüşdür; - “xxxx” ASC-nin internet səhifəsindən əldə olunmuş “Kredit haqqında bildiriş”lərə dair çıxarışlara əsasən “xxxx” MMC tərəfindən Şəxs MMC-nin hesabına İB/2018/116 saylı müqavilə üzrə 18-xx xxxxxx 2019-cu il tarixlərində ümumilikdə 1.000.000 Rusiya rublu geri qaytarılmışdır; - “xxxx” ASC-nin “Xətai” filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 144 saylı məktubda qeyd olunur ki, xx.xx.2018-ci il tarixli, İB/2018/116 saylı müqavilə üzrə köçürülmüş vəsaitin müqabilində xx.xx.2019-xx.xx.2021-ci il dövr ərzində 26.808.068,28 Rusiya rublu dəyərində mal ölkəyə gətirilmiş, 1.000.000 Rusiya rublu geri qaytarılmış, hazırda “xxxx” MMC-nin Şəxs MMC-yə borcu 4.377,17 Rusiya rublu təşkil edir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC 27.812.445,45 Rusiya rublunu xx.xx.2019cu il tarixdə Rusiyada yerləşən “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, İB/2018/116 saylı müqavilə üzrə həmin şirkətə köçürmüş, bu vəsait hesabına alınan 26.808.068,28 Rusiya rublu dəyərində mallar ölkəyə gətirilmiş, 1.000.000 Rusiya rublu isə geri qaytarılmışdır. Hazırda Şəxs MMC tərəfindən ölkəyə geri qaytarılmayan və ya idxal olunmayan malın və ya vəsaitin dəyəri 2.819.219,38 Rusiya rublu deyil, 4.377,17 Rusiya rublu təşkil edir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olan 4.377,17 Rusiya rubluna münasibətdə tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 4.377,17 Rusiya rublu valyuta vəsaiti məbləğinin 30 faizi – 1.313 (min üç yüz onu üç) Rusiya rublu 15 (on beş) qəpik məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar