Məhkəmə qərarları › İş №3(006)-6634/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6634/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6634/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs MMC-nın mülkiyyətində olan «MERCEDES BENZ S600 MİNİK» markalı, 90PH034 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 11:44-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə 01.10.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, Şəxs MMC barəsində tərtib edilmiş 01.10.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tamamilə qanunsuz və əsassızdır. Bildirirlər ki, bundan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə 24.06.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)- 4295/2025 saylı qərarı üzrə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2459/2025 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4295/2025 saylı qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2025-ci il tarixində 300 (üç yüz) manat cərimə məbləği Şəxs MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, e194170/2025-5-29 nömrəli qərarına əsasən dövlət büdcəsinə tam şəkildə ödənilmişdir. Qeyd edirlər ki, Şəxs MMC barəsində tərtib edilmiş İXP ******* və İXP ******* nömrəli inzibati xəta protokolları faktiki olaraq eyni inzibati hadisə ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan hər iki inzibati xəta xx.xx.2025-ci il tarixində, müvafiq olaraq saat 11:49:10 və 11:44:51-də qeydə alınmışdır. Qeyd olunan hallar arasında cəmi 5 (beş) dəqiqəlik vaxt fərqi mövcuddur və hadisələrin xarakteri, obyekti və subyekti eyni olmaqla bir inzibati xətanın tərkib hissələri kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, bir inzibati xətaya görə Şəxs MMC barəsində ikinci dəfə İnzibati xəta haqqında Protokol tərtib olunmuş və bununla da İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan ədalətlilik prinsipi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda qeyd olunan prinsipin mətnindən aydın olduğu kimi bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb olunma halı qanunvericiliyin pozuntusudur. Bu baxımdan, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə baş vermiş hər iki inzibati xəta eyni istiqamətdə, eyni zaman intervalında və eyni hərəkətin davamı kimi baş vermişdir. Həmçinin qeyd edilməlidir ki, göstərilən inzibati xətalar fasiləsiz, eyni marşrut üzrə hərəkətin tərkib hissələri kimi qiymətləndirilməlidir. Bu səbəbdən onların ayrı-ayrılıqda inzibati xəta kimi rəsmiləşdirilməsi hüquqi baxımdan düzgün hesab edilə bilməz. Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən cərimə məbləğini ödəyərək inzibati məsuliyyətdən azad edildikdən sonra onun eyni bir əməllə, yəni İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə yenidən inzibati məsuliyyətə cəlb edilməsi həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə öz əksini tapmış “eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz” (non bis in idem) prinsipinə ziddir. Eyni zamanda, qeyd olunan inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qanunvericiliyin normaları gözlənilməmiş, protokolda Şəxs MMC-yə əvvəlcədən bildirişin təqdim edilməsi göstərilsə də, həmin bildiriş Cəmiyyətə çatmadan və Cəmiyyət lazımi qaydada məlumatlandırılmadan protokol tərtib edilmişdir. Bu isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61.1 -ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının və qanunvericiliyin digər prosessual tələblərinin pozuntusudur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Maddənin mətnindən aydın olduğu üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılması üçün protokol tərtib edən vəzifəli şəxs müəyyən etməli idi ki, bu barədə Şəxs MMC-yə məlumat təqdim edilib və Cəmiyyət təxirə salmaq haqqında vəsatət təqdim etməyib, yaxud belə vəsatət rədd edilib. Məlumatın vaxtında bildirilməsi dedikdə nə nəzərdə tutulur? AR İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Halbuki, hazırkı iş üzrə göstərilən inzibati xəta tərkibi sübuta yetirilməmişdir. Sözügedən maddə əsasında məsuliyyətin yaranması üçün, maddənin dispozisiyasında qeyd edilən inzibati xəta tərkibi - yəni sorğunun hüquqi şəxsə daxil olması faktı mövcud olmalıdır. Müvafiq maddənin dispozisiyasına nəzər yetirək: “Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə”. Dispozisiyadan da göründüyü kimi, İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin yaranması üçün əsas sorğunun hüquqi şəxsə ünvanlanması deyil, onun hüquqi şəxsə daxil olmasıdır. Lakin müvafiq qurum tərəfindən sorğunun hüquqi şəxsə daxil olması faktı mötəbər sübutlar əsasında sübut edilməmişdir. Əlavə olaraq, sorğunun sifarişli məktubla göndərildiyi bildirilsə də, həmin sifarişin üzərində göndəricinin imzası müəyyən olunmur, yəni sorğunun həqiqətən Cəmiyyətə təqdim edilməsi və ya daxil olması barədə dəqiq, yoxlanıla bilən sübut mövcud deyil. Bunun üçün isə yalnız inzibati xəta haqqında protokola istinad edilməsi kifayət deyil. İnzibati məsuliyyətə cəlb olunma hüquqi cəhətdən yalnız o halda mümkün sayılır ki, inzibati xəta tərkibini təşkil edən hallar mötəbər və yoxlanıla bilən sübutlarla təsdiqlənsin. Halbuki hazırkı halda, inzibati icraatı aparan orqan tərəfindən təqdim olunan sənədlər bu halları dolğun şəkildə sübuta yetirmir. İddia olunan sorğunun hüquqi şəxsə daxil olması barədə hər hansı obyektiv sübut təqdim edilməmiş, yalnız formalaşdırılmış protokolun məzmununa əsaslanılmışdır. Bu isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə münasibətdə İXM-nin 8.1-ci maddəsinin pozuntusu deməkdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 11.2. 53, 61.1.4, 99-103, 105.1, 109.1.6, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 01.10.25-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq xəbərnamədən görünür ki, Şəxs MMC-yə məxsus «MERCEDES BENZ S600 MİNİK» markalı, 90PH034 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktubun xx.xx.2025-ci il tarixdə “Əzizov” adlı şəxs tərəfindən “Etibarnamə ilə” qrafasına imza edilməklə qəbul etməsi qeyd olunur. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs etiraz ərizəsində bildirişin onlara çatmadığını bildirmişdir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar