Məhkəmə qərarları › İş №3(006)-667/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-667/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-667/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin polis sahə rəisi X1 10.02.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti ona rəsmi qaydada 17.02.2022ci il tarixdə təqdim edilmişdir. Həmin qərar tamamilə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Belə ki, o, 08 fevral 2022-ci il tarixdə “28 Mall” Ticarət Mərkəzində yerləşən “BRAVO” marketində olan zaman tibbi maskadan istifadə etmiş, lakin ticarət mərkəzində tualetdən çıxarkən polis əməkdaşı ona yaxınlaşıb adını və soyadını soruşmuş, onun tibbi maskadan istifadə etməsinə baxmayaraq barəsində əsassız olaraq və xəbəri olmadan AR İXM-nin 211.3-cü maddəsi ilə protokol tərtib etmişdir. Belə ki, 10.02.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Bundan başqa, onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi mənə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, mən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispo/isiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib, şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, inzibati xəta hadisəsi mövcud deyil. Bu səbəbdən də Nəsimi RPİ-nin 22-ci PB-nin 10.02.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xilam verilməlidir. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 22-ci PB-nin 10.02.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 22-ci PB-yə lazımi qaydada məlumat verilsə də (22 fevral 2022-ci il tarixli reyestr ilə), şikayətçi və Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, R.V.Hacıyev 08 fevral 2022-ci il tarixdə, saat 16:26-da Nəsimi rayonu, 28 Mall Ticarət Mərkəzində olarkən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.V.Hacıyev Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.V.Hacıyevin barəsində 08 fevral 2022-ci il tarixdə, saat 16:26-da Nəsimi rayonu, 28 Mall Ticarət Mərkəzində olarkən Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 10 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, R.V.Hacıyevin barəsində Nəsimi RPİnin 22-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş EXP ******* saylı protokol əsasında qəbul edimiş EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməsini nəzərə alınmadan, eləcə də, birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, R.V.Hacıyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Belə ki, şikayət ərizəsindən görünür ki, o, inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmiş və şikayətçi inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və R.V.Hacıyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi R.V.Hacıyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10 fevral 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar