Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-67/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, X4, ev 42; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* (00100-02655/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 dekabr 2022-ci il tarixli, EP ******* (00100-02655/22) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 34COF166/34RZ1362 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********4201 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, protokolla bağlı hər hansı bir şikayətləri yoxdur. İzahatlarında da qarşı tərəfin bəyannamələri gec göndərdiyini bildirmişlər. Hazırda təqdim etdikləri sənəddə də şirkət mailləri işləmədiyindən sənədlərin gec gəldiyini qeyd etmişdir. Mailin işləmədiyini gec bilmişlər. Şəxs MMC-nin təqsiri yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 34/012/027166 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 34COF166/34RZ1362 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4201 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Xidmətinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********4201 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Şəxs MMC-nin ünvanına 34COF166/34RZ1362 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 04:21 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, **********4201 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********2267 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:21 radələrində daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 12:29 radələrində tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********4201 sorğu nömrəli gömrük bəyannaməsinin və xx.xx.2022-ci il tarixli **********2267 sorğu nömrəli qısa idxal bəyannaməsinin surətlərindən görünür ki, həmin bəyannamələrin əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********2267 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2022-ci il tarixdə saat 12:29 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, 34COF166/34RZ1362 nömrəli nəqliyyat vaistəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 04:21 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.3-cü maddələrinə müvafiq olaraq qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-67/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-67/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver