Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-67/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 iştirakı ilə X1 Baş X8 İdarəsinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Kia Forte” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər istiqamətində hərəkət edən zaman “Ekologiya postu”nda olan yol polisi inspektoru ona “saxla” əmri vermiş, o da bunun səbəbini soruşduqda, sonuncu özünü təqdim etmədən ona düz xəttin tələbini pozduğunu izah etmişdir. O isə qayda pozmadığını bildirdikdə, ondan avtomobildən düşməsini və posta yaxınlaşmasını tələb etmişdir. O, inspektora qayda pozduğunu hesab etdiyinə görə barəsində protokol tərtib edərək ünvanına göndərilməsini xahiş etmiş, bir neçə dəqiqə keçdikdən sonra orada gözləmək üçün heç bir zərurət olmadığından postu tərk etmişdir. Daha sonra **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin inspektoru onu saxladaraq postda tabesizlik göstərdiyini bildirmişdir. O, tabesizlik göstərmədiyini bildirsə də, ona postdan göstəriş verildiyinə görə protokol tərtib etməli olduğunu demiş, o isə protokol tərtib edilməsinə etirazını bildirmişdir. Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Protokolla razı olmadığına baxmayaraq sonradan ona məlum olmuşdur ki, barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. O, həmin günü postda saxlanılarkən heç bir qayda pozuntusu törətməmiş və polis əməkdaşının tələblərinə qarşı hər hansı tabesizlik göstərməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. O, həm ekoloji nəzarət üzrə postda inspektorun, həm də yol-patrul xidməti avtomobili ilə ona verilmiş nəqliyyat vasitəsini saxlama göstərişlərinə tabe olaraq hər iki halda nəqliyyat vasitəsini saxlamışdır. Maddədən də göründüyü kimi məsuliyyət əməkdaşın nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilmədiyi halda yaranır. Yəni, müvafiq icra hakimiyyəti orqanının əməkdaşı verdiyi saxlamaq tələbi nəqliyyat vasitəsini idarə edilməsi zamanı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yerinə yetirilməlidir. Yol-patrul xidməti inspektorunun avtomobildən düşməyini və onu posta yaxınlaşmağını tələb etməsi isə qanunsuz tələbdir və yuxarıda göstərilən maddənin təsir dairəsinə düşmür. Bundan başqa qərar və protokolu tərtib edən şəxs X3 adlı inspektor nə “Ekologiya postu”nda, nə də yolpatrul xidməti avtomobili vasitəsi ilə onu saxlamamış, onu saxlayan əməkdaşlar serjant rütbəsində olan başqa şəxslər olmuşlar. Göründüyü kimi o, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tələblərini pozmadığı halda barəsində qanunsuz və əsassız protokol tərtib edilmiş, saxlayan şəxslər başqa əməkdaşlar olmuş, protokolu tərtib edən və qərarı qəbul edən şəxs isə ümumiyyətlə saxlanıldığı yerlərdə olmamışdır. Protokolla razılaşmadığı halda yol-patrul xidməti inspektoru tərəfindən dərhal tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yol-patrul xidməti inspektoru qeyd edilən inzibati xəta haqqında protokolu heç bir sübuta istinad etmədən şəxsi mülahizəsi əsasında tərtib etmişdir. Bununla da, həm qanunsuz protokol tərtib etmək, həm də dərhal qərar qəbul etməklə kobud maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş X8 İdarəsinin Baş X8 İdarəsinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 17:47-də ünvan 1 ünvanda idarə etdiyi “Kia Forte” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); • inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə); • inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (124.4-cü maddə). Qanunvericiliyin tələblərindən göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməli və baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməlidir. Lakin hazırki iş üzrə müəyyən olunur ki, X2 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Forte” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda olan zaman onun tərəfindən törədilməsi iddia olunan inzibati xətanın mövcudluğu ilə razılaşmamış və belə olduğu təqdirdə Baş X8 İdarəsinin Baş X8 İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin əməkdaşı X3 protokol tərtib edib ona baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək əvəzinə, iş üzrə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X8 İdarəsinin Baş X8 İdarəsinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş X8 İdarəsinin Baş X8 İdarəsinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-67/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-67/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver