Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6705/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, 5 MKR; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 231.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən “Moskva” univermağında xx.xx.2025-ci il tarixində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq razılaşdırılmadan daxili və zahiri görkəmi yeni quruluşa salınmışdır. Bununla da Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən “Moskva” univermağının binasında (2881 inventar nömrəli) xx.xx.2025-ci il tarixində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblər pozularaq razılaşdırılmadan təmir işlərinin aparılması, nəticədə abidənin daxili quruluşunun pozulması müəyyən olunmuşdur. Bununla da Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Qeyd olunanları nəzərə alaraq, Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 12:04-də ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş abidəyə - “Moskva” univermağının binasına (2881 inventar nömrəli) baxış keçirilən zaman Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq layihəsi razılaşdırılmadan təmir işlərinin aparılması faktı aşkar olunmuşdur. Təmir işləri çərçivəsində birinci mərtəbədə arakəsmə divarlar sökülmüş, üçüncü mərtəbədə əlavə sahələr (mağazalar) quraşdırılmış, mərtəbələr arası pilləkənlərə ağır dəmir konstruksiya quraşdırılmış, abidənin çölündə binaya birləşik əlavə mağazalar quraşdırılmışdır. Nəticədə abidənin daxili hissəsi yeni quruluşa salınmış, xarici görkəmi dəyişdirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Məhkəmə inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə - fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi” Qaydasının müddəalarına görə mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən şəhadətnamə verilir (maddə1.5). Mühafizə məqsədi ilə mədəni sərvətlərə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilir (maddə 1.7). Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir (maddə 1.8). Mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qəbul edir (maddə 8.1). Göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır (maddə 8.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 27 may tarixli 208 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi” Qaydasının müddəalarına görə dövlət orqanı (qurumu) mədəni sərvətin müəyyən olunması barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq qərar qəbul edir. Qəbul edilən qərar barədə maraqlı tərəfə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə uyğun olaraq məlumat verilməlidir (maddə 4.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən isə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 2-ci hissəsinə tələblərinə görə mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinə əsasən hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6705/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6705/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver