Məhkəmə qərarları › İş №3(006)-6714/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6714/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6714/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərzəlı oğlunun və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan Şəxs Fərzəlı oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Fərzəlı oğlu xx.xx.2025-ci il tarixində narkotik vasitələrdən istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxs narkotik vasitənin istifadəsində şübhəli olduğundan Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs Fərzəlı oğlu olduğu müəyyən olunmuşdur. Şəxs Fərzəlı oğlu Respublika Narkoloji Mərkəzində tibbi yoxlamadan keçirilmiş və onun sidiyində AMP (+), MET (+), BAR (+) aşkar edilmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Fərzəlı oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərzəlı oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Ev alqı-satqısı ilə məşğul olur. xx.xx.2025-ci il tarixində toydan çıxmış, sərxoş halda evə getmək istəmədiyi üçün 28 May küçəsində bir qədər gəzmiş və taksi çağırıb evə getmək istərkən polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. O, spirtli içki qəbul etsə də, narkotik vasitədən istifadə etmir. Himayəsində 3 uşağı vardır, ən kiçiyi 6 aylıqdır. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Osmanov X4 Orxan Fərzəlı oğlunun 3 uşağının olmasını, evə qazanc gətirən yeganə şəxs olmasını, həyat yoldaşının işləməməsini nəzərə alaraq onun barəsində humanist qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 6856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Fərzəlı oğlundan götürülmüş sidik nümunəsində AMP (+), MET (+), BAR (+) aşkar olunmuşdur. Hal-hazırda Şəxs Fərzəlı oğlunda psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin hal-hazırda Şəxs Fərzəlı oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs Fərzəlı oğlu narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Fərzəlı oğlu həmin tarixdə saat 17:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Fərzəlı oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Fərzəlı oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Fərzəlı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs Fərzəlı oğlu ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Fərzəlı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 02 noyabr 2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Şəxs Fərzəlı oğlu ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar