Məhkəmə qərarları › İş №3(006)-6731/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6731/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6731/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Şəxs ASC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153, 687-ci məhəllə, X1 2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC mülkiyyətində olan «LAND ROVER 5.0 V8 SV LWB MİNİK» markalı, 90YA701 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 07:52də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 05 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(006)-6731/2025 nömrəli işə baxılması xx.xx.2025-ci il tarixə, saat 15:40-a təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, üzrlü səbəblərdən dolayı həmin iş üzrə məsul olan nümayəndələrinin iştirakını təmin etmək mümkün olmayacaqdır. Hesab edirlər ki, Şəxs ASC barəsində olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir, bu səbəbdən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. AR İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi RPİ-nin DYPŞ-nin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki Şəxs ASC-yə məxsus «LAND ROVER 5.0 V8 SV LWB MİNİK» markalı, 90YA701 dövlət qeydiyyat nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 07:52-də inzibati xəta törətmiş şəxs (İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi üzrə) barəsində şöbəyə 05 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bu sorğu xx.xx.2025-ci il tarixində şirkətə çatdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs ASC-yə məxsus «LAND ROVER 5.0 V8 SV LWB MİNİK» markalı, 90YA701 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu xətanın kim tərəfindən törədilməsi barədə Bakı şəhər Nəsimi RPİ-nin DYPŞ-nin müvafiq sorğusu xx.xx.2025-ci il tarixində Şəxs ASCyə çatdırılsa da, qanunvericiliklə müəyyən edilmiş 05 gün ərzində bu sorğu icra edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 05 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar