Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-68/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X1 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11:50 radələrində 1-2 dəqiqə ərzində yaşadığı evdən “samoed” cinsli “Umik” adlı itini gəzdirməyə çıxarmışdır. Yaşadığı evin həyətinin yaxınlığında olmuşdur. İki nəfər polis əməkdaşı ona yaxınlaşaraq iti həmin yerdə gəzdirməsinə irad tutmuşlar. O da harada gəzdirməli olması barədə soruşmuşdur. İtin gəzdirilməsi üçün hansı yerlərin nəzərdə tutulduğunu ona göstərmələrini istəmişdir. Lakin polis əməkdaşları bu barədə heç nə deyə bilməmişlər. İtini cilovlu vəziyyətdə 8 il eyni ərazidə hər gün iki dəfə gəzdirmişdir. Əlindən heç vaxt buraxmamışdır. Sahə rəisi X2 onun barəsində iti gəzdirməyinə görə qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə EXP ******* saylı xx.xx.2024 tarixli protokol tərtib edərək, EPQ ******* saylı xx.xx.2024-cü il tarixli qərarla 200 manat cərimə inzibati tənbeh tətbiq etmişdir. Həmin vaxt kağız daşıyıcıda protokol və qərar ona təqdim edilməmişdir. Onu da bildirir ki, itinə məxsus lazımi sənədlər vardır. Vaxtlı vaxtında quduzluğa və sair xəstəliklərə qarşı peyvəndlərini vurdurur. Həmin cins itlər aqressiv deyil. Orta cinsli itdir. Ümumiyyətlə həmin cins itlər uşaqların baxıcısı kimi baxılır. Həmin ərazidə orta cinsli itini qısa cilovlu vəziyyətdə gəzdirmək onun hüququdur. Onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarının 3.1.1-ci maddəsinə əsasən heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı əsasən insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmış şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırki şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Beləliklə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin EPQ ******* saylı, 23 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir İş materiallarından görünür ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, fotoşəkildəki ev heyvanlarının qadağan olunmuş yerdə saxlanılması və qidalandırılmasına dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X5 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 23 dekabr 2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-68/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-68/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver