Məhkəmə qərarları › İş №3(006)-6815/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6815/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6815/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli, ev 62, Marine Plaza; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o,32431.00 ABŞ dolları məbləğində vəsaitİ bank vasitəsi ilə 13 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 32431.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəməyə ərizə ünvanlayaraq xaricə köçürülmüş avans məbləğin qarşılığı olan malların ölkəyə idxal olunduğunu, lakin gömrük rəsmiləşdirilməsi zamanı texniki səhvliyə yol verildiyini, bu səbəbdən müvafiq gömrük idarəsinə müraciət edildiyini bildirmişdir. İş materiallarında olan: - Kapital Bank” ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixdə 32431.00 ABŞ dolları göndərdiyi və həmin məbləğin bəyan olunmadığı qeyd olunmuşdur; - Ödəniş tapşırığına əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Türkiyə Respublikasında yerləşən “X1 A.Ş” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı xx.xx.2023-cü il tarixdə 32431.00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, şirkətin adına **********5 nömrəli avia qaimə ilə 1 yer çəkisi 78 kq yük göndərilmişdir. Gələn yük **********7446 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Lakin qeyd olunan gömrük bəyannaməsində ödəniş şərti səhvən 140 (malın ödənişi nəzərdə tutulmayıb) qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bəyannamədə 20-ci qrafaya düzəliş edilərək 110 (malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir) olaraq dəyişdirilməsinə və 44-cü qrafasının 4011 bəndində SUSA-CCNİ-MİS-ELK0003 müqavilə nömrəsi əlavə edilməsinə icazə verilməsi xahiş edilmişdir. - **********7446 nömrəli xx.xx.2023-cü il tarixli bəyannamədən görünür ki, “X1 A.Ş” şirkəti tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilən mallara dair tərtib olunmuş gömrük bəyannaməsinin çatdırılma şərtləri qrafasında 140 kodu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən malların ölkəyə idxal edilməsi ilə bağlı təqdim edilən gömrük bəyannaməsinə düzəliş edilməsi ilə bağlı gömrük orqanına edilən müraciətə müsbət cavab verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdim edilən **********7446 nömrəli bəyannamə inzibati xətanın obyekti olan 32431.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə müəyyən edilir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 32431.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində 32431.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 32431.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 6486,20 (altı min dörd yüz səksən altı dollar, iyirmi sent) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar