Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6830/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X1 iştirakı ilə, X8 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ünvanında xx.xx.2025-ci il tarixdə, saat 14:39-də X6 məxsus “Şərab evi 24 saat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, X8 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ünvanında yerləşən “Şərab evi 24 saat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmişdir. Agentliyin əməkdaşları tərəfindən bu fakt xx.xx.2025-ci il tarixdə, saat 11:00-də aşkar edilmişdir. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün cəmiyyətə də göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə bildiriş göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkilə əsasən xx.xx.2025-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küşəsi ünvanında yerləşən “Şərab evi 24 saat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. İş materiallarında olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” 14 oktyabr 2025-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00-də Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ünvanında yerləşən “Şərab evi 24 saat” adlı obyektin üzərində müvafiq icazə olmadan 3 (üç) ədəd 3,8 m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişdən və 556034 nömrəli qaimənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, müvafiq icazə alınması üçün icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində xx.xx.2025-ci il tarixli M**********0002 nömrəli Dövlət rüsumunun ödənişi üçün bildirişə əsasən dövlət rüsumunu ödəməsi tələb edilmiş, həmin göstəriş xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ünvanına çatdırılmışdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə isə obyektin üzərində yazıların bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X5 törətdiyi inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6830/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6830/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver