Məhkəmə qərarları › İş №3(006)-6834/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6834/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6834/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cİ il tarixli və İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi istinad edilərək qərar üzrə 100 manat cərimə tətbiq edilmişdir. O, qərarlardan narazıdır və qərəzli hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə görə 100 (yüz) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospektində 20 Yanvar küçəsi istiqamətində avtomobil yolu ilə etibarnamə əsasında idarə etdiyi ** VB *** dövlət qeydiyyat nişanlı “MAZDA CX-5” minik markalı avtomobillə asta surətlə, yəni 10-15 km/saat surətlə hərəkətdə olarkən tıxac səbəbindən qarşısında olan ** EA *** dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobilin (sürücü: X1) qəfildən tormozlaması nəticəsində həmin avtomobillə toqquşaraq arxa buferini zədələmişdir. Yol tıxac olduğundan avtomobillərdən düşüb qərara gəlmişlər ki, hər iki avtomobili kənara çəksinlər. Ona görə avtomobillərini sağa çəkmişlər və Cümşüd Abdullazadəylə söhbətləşmişlər. Onunla danışıqdan sonra razılaşmışlar ki, onun avtomobilinə dəyən zərərlə bağlı bir sonrakı gün, yəni xx.xx.2025-ci il tarixdə ödənişlə bağlı məsələni həll etsinlər. O, həmin şəxsə adının Samir olduğunu, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Azinko yaşayış kompleksi, Bina 4, Blok 1, mənzil 355 ünvanında yaşadığını bildirib öz ***-***-**-** saylı mobil nömrəsini təqdim etmişdir. xx.xx.2025-ci il tarixində zərər çəkən tərəfindən onun mobil telefonuna göndərilən adresə (Şassi Yasamal filialı) saat 12:00 radələrində dostu X4 birlikdə getmişdir və orada da, Cümşüd Abdullazadə ilə avtomobilinə dəyən zərər barədə söhbət etmişdir. X5 ilə hadisə baş verən günü və sonrası əlaqə saxlamağını, danışıqlarını, habelə görüş yerin izi təsdiq edən mobil telefonundan çıxarışları ərizəsinə əlavə etmişdir. O, həmin günü avtomobilinin də, fotoşəkilini çəkib tanışlarına göndərmişdir ki, dəyən zərərin miqdarını dəqiqləşdirsin. Çünki Cümşüd ondandaha çox məbləğdə pul tələb etməyə başlamışdı. O, həmin şəxsə 200 manat məbləğində ziyanını qarşılayacağını bildirdikdə həmin şəxs ondan 1000 manat tələb etməyə başlamışdır. Onlar razılaşa bilmədikləri üçün o, həmin şəxsə aidiyyəti üzrə polisə müraciət etməsini və sığorta şirkəti ilə danışmasını bildirmiş və oradan ayrılmışdır. Həmin şəxs hətta bundan sonra belə dəfələrlə onun mobil telefonuna zəng edərək ondan pul tələb etməyə başlamışdır. Bundan sonra vətəndaş DİN-nə müraciət etmiş və o, Bakı Şəhər X9nə dəvət edilmişdir. X7 avtomobillə toqquşluğunu etiraf etmişdir. Lakin sonradan onun mobil tətbiqində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə İXP7449077 saylı protokol tərtib olunduğunu görmüşdür. Qeyd edir ki, o, hadisə yerindən qaçsa idi, özü haqqında məlumatları, əlaqə üçün mobil telefonunu Cümşüdə təqdim elməzdi. Bundan başqa Tiblisi prospektində tıxac olan saatda onun hadisə yerindən qaçmağı belə mümkün deyildir. Bundan başqa o, hadisə yerindən qaçsaydı nə səbəbə Cümşüdlə telefon əlaqəsi yaradaraq səhəri günü onunla görüşmüşdür. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə DİNə elektron şikayət modulunda şikayət ünvanlamışdır. Lakin buna baxmayaraq xx.xx.2025ci il tarixdə onun barədə DYPŞ-nin tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə 1İXP ******* saylı qərar qəbul edilmişdir. Qeyd edilən faktı sübut edən kamera görüntüsü, fotoşəkil, və şahid izahatı olmadan qərəzli olaraq barəsində qərar qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəl qərarın ləğv edilərək, 100 manat cərimə tənbehinin silinməsinə və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 19:55-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə görə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X6 yol nəqliyyat hadisəsi yerindən yayınmadığını bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut (hadisənin baş vermə vaxtı qeydə alınmış videogörüntülərə baxış keçirilməklə) göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar