Məhkəmə qərarları › İş №3(006)-684/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-684/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-684/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 98; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 18.02.2022-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 18.02.2022-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərar və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. 18.02.2022-ci il tarixli qərardan görünür ki, Şəxs MMC ölkəyə idxal etdiyi ərzaqlıq kartof tərəvəzini qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə ünvanlanmış 18.10.2021-ci il tarixli, 3/10-4051 saylı məktubda qeyd olunur ki, ölkə ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Rusiya Federasiyasından 27.09.2021-ci il tarixli 7768/11 idxal karantin icazəsi ilə "xxxx" MMC tərəfindən idxal edilmiş 66900 kq, İran İslam Respublikasından 28.10.2021-ci il tarixli İD********** nömrəli, 01.11.2021-ci il tarixli İD********** nömrəli və 02.11.2021-ci il tarixli İD********** nömrəli müraciətlər əsasında "xxxx" MMC tərəfindən idxal edilmiş 70800 kq, Gürcüstan Respublikasından 21.10.2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında "xxxx" MMC tərəfindən idxal edilmiş 24600 kq, Türkiyə Respublikasından 22.10.2021-ci il tarixli, İD121102829 nömrəli müraciət əsasında Şəxs MMC tərəfindən idxal edilmiş ərzaqlıq kartof məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən ekspertiza üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Qeyd edilir ki, məhsuldan nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilmiş, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınmışdır. Aparılmış ekspertiza nəticələrinə əsasən, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasından idxal edilmiş kartof nümunəsində kartof yumrularında halqavari bakterial çürümə Clavibacter michiganensis subsp sepedonicus) və kartofun qonur çürüməsi (Ralstonia solanacearum), "xxxx" MMC tərəfindən iran İslam Respublikasından, "xxxx" MMC tərəfindən Gürcüstan Respublikasından və Şəxs MMC tərəfindən Türkiyə Respublikasından idxal edilmiş kartof məhsulunun nümunələrində kartofun qonur çürüməsi (Ralstonia solanacearum) aşkar edilmişdir. Beynəlxalq təcrübədə, idxal olunan kartof məhsulunda halqavari bakterial çürümə və kartofun qonur çürüməsi aşkar olunarsa, məhsul aidiyyəti rəsmi qurumun iştirakı ilə fitosanitar karantin tədbirlərinə əməl edilməklə məhv edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 26Q. nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tətdbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantinin tətbiq edilməsi” qaydalarına uyğun olaraq Azərbaycan Respublikası ərzaisində idxal olunan kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp sepedonicus) və kartofun qonur çürüməsi (Ralstonia solanacearum) ilə sirayətlənmə aşkarlanmış yük partiyalarının məhv edilməsi və ya ixracatçı ölkəyə geri qaytarılması tələbi irəli sürülmüşdür. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.3-cü maddəsinə əsasən, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləridir. Eyni zamanda həmin Qanunun 13.5.5-ci maddəsində məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi riski müəyyən edildiyi halda məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin ekspertiza nəticələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış keçirilərkən, yuxarıda qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq yük partiyasının satıldığı və qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru M.Hacıyev tərəfindən qəbul edilmiş 05.01.2022-ci il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur; - Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 18.12.2021-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərarda qeyd olunur ki, Şəxs MMC-nin təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərə dair sanitariyaepidemioloji qaydalar və normativlərə cavab verməyən” və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış ümumi çəkisi 24400 kq olan ərzaqlıq kartof tərəvəzini 23.10.2021-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətizdirmiş, həmin tarixdə heç bir sertifikatlaşdırma işi aparmadan ərzaqlıq kartof tərəvəzini X1 4880 ABŞ dolları məbləğində pula satmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21-ci bəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar