Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-686/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Nəsimi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (bundan sonra AXCP) üzvüdür. Hazırda AXCP-nin Ali Məclis üzvüdür və partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi vəzifəsini icra edir. İİ qrup müharibə əlilidir. AXCP-nin və Demokratik Qüvvələrin Milli Şurasının Bakı şəhərində təşkil etdikləri etiraz aksiyalarından öncə dəfələrlə polis tərəfindən saxlanılmışdır. 02 aprel 2011-ci ildə keçirilmiş aksiyadan sonra tutularaq 1 il 6 ay müddətinə həbs olunmuş, 17 noyabr 2012-ci ildə və 11 mart 2013-cü ildə Bakı şəhərinin mərkəzində keçirilən “Əsgər ölümünə son” aksiyasında tutularaq 7 və 6 sutka həbs edilmiş, başqa aksiyalardan əvvəl və sonra tutularaq dəfələrlə hakimin qərarları ilə xəbərdarlıq edilmişdir. Həmçinin, o, 25 may 2018-ci ildə AXCP-nin bir neçə üzvü ilə birlikdə saxta cinayət ittihamı ilə həbs edilmişdir. Həmin cinayət işi üzrə onlar CM-in 192.3.2, 193-1.3.1, 193-1.3.2 və başqa maddələri ilə nəzərdə tutulan cinayətlərdə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə o, 3 il, Saleh Rüstəmov 7 il, 3 ay, Aqil Məhərrəmov isə 4 il azadlıqdan məhrum edilmişlər. 18 mart 2021-ci ildə əfv sərəncamı əsasında azadlığa buraxılmışdır. Həbs olunduqları andan işgəncələr, qeyri-insani rəftar və kobud qanun qazuntuları ilə üzləşdiklərindən həm o, həm də onunla birlikdə həbs edilən şəxslər bir neçə aclıq aksiyası keçirmişlər. Saleh Rüstəmov da həbs müddətində üzləşdiyi qanunsuzluqlara, qanunsuz həbsinə etiraz olaraq ölüm aclıq aksiyasına başlamışdır. Bu səbəbdən, həm sosial şəbəklərdə, həm kütləvi informasiya vasitələrində, həm də aidiyyəti dövlət orqanlarına etdikləri müraciətlərində Saleh Rüstəmova qarşı tətbiq edilən bu planlı qanunsuzluqların dayandırılmasını, onun azadlığa buraxılmasını xahiş etmişlər. Lakin bu qanunsuzluqlar daha da şiddətləndirildiyindən və aclıq aksiyasını davam etdirməyə qərar verən, bu səbəbdən səhhəti həddən artıq pisləşən, bununla belə adekvat tibbi yardım almayan və həbsdə saxlanan Saleh Rüstəmova vətəndaş cəmiyyəti, həmçinin Saleh Rüstəmovun tərəfdarları kimi dəstək göstərmək məqsədilə spontan etiraz aksiyaları keçirməyə qərar vermişlər. X5 aclıq aksiyasının 40-cı günündə, yəni 15 dekabr 2021-ci ildə saat 12:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr meydanında dinc spontan etiraz aksiyası keçirməyə çalışmışlar. 15 dekabr 2021-ci ildə tibbi maskalardan istifadə edərək Fəvvarələr Meydanına girdikdə əraziyə cəlb edilmiş polis əməkdaşlarının qeyri-adekvat və aşırı gücüylə rastlaşmışlar. Belə ki, polis əməkdaşları heç bir xəbərdarlıq etmədən onların üzərinə hücum çəkərək qəsdən aşırı güc tətbiq edərək, kobud şəkildə qollarını buraraq, fürsətdən istifadə edib bir neçə dəfə fiziki güc tətbiq edərək onları ərazidə olan Post Patrul Xidməti maşınlarına dolduraraq müxtəlif polis bölmələrinə aparmışlar. Onu və dinc etiraz aksiyasında iştirak edən bir neçə nəfəri tutduqdan sonra Bakı şəhəri 22-ci PB-yə gətirmişlər. Onunla bir neçə dəqiqə şifahi söhbətdən sonra Daxili İşlər Nazirliyindən xəbərdarlıq edilərək sərbəst buraxılmaları barədə göstəriş verildiyi bildirilərək 15 dekabr 2021-ci ildə, saat 13:40-13:50 radələrində 22-ci PB-dən sərbəst buraxılmışlar. Tutularkən və 22-ci PB-də saxlanılarkən barəsində hər hansı sənəd tərtib edilməmişdir, hər hansı sənədə imza atmağı təklif edilməmişdir, heç bir sənədi imzalamamışdır. 2022-ci ilin yanvar ayının sonlarında səbəbini, vaxtını və yerini bilmədən İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini öyrənmişdir. Bununla bağlı rəsmi sənədlərin ona təqdim edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. 29 yanvar 2022-ci ildə poçt vasitəsilə ona Bakı şəhəri 22-ci PB-nin inzibati xəta haqqında 15.12.2021-ci il tarixli, EXP ******* saylı protokolunun və 15.12.2021-ci il tarixli EPQ ******* saylı qərarının surəti təqdim edilmişdir. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, 15 dekabr 2021-ci ildə iştirak etdiyi və tutulduğu dinc, spontan etiraz aksiyasında, guya, karantin qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilərək 400 (dörd yüz) manat məbləğində cərimələnmişdir. Bir daha qeyd edir ki, etiraz aksiyası zamanı tibbi maskadan istifadə etmişdir, tutulduğu anın qeydə alındığı videoda da bu açıq-aydın görünür. Həmçinin tutularaq, Bakı şəhəri 22-ci PB-yə gətirildikdən sonra barəsində heç bir protokol tərtib edilməmiş, qərar verilməmiş, ondan hər hansı yazılı izahat alınmamış, heç bir sənədi imzalamaq təklif edilməmiş, heç bir sənədi imzalamamış, heç bir sənədin surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsindən, həmin protokol əsasında qərar qəbul edilməsindən və inzibati qaydada cərimələnməyindən xəbərsiz olmuşdur. Hesab edir ki, heç bir inzibati xətaya yol vermədiyindən, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə cavab vermədiyindən tamamilə qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 24-cü maddəsinin İİ bəndinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 25-ci maddəsinin İİİ bəndinə əsasən dövlət...əqidəsindən, siyasi partiyalara...mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını ...əqidə, siyasi ...mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 26-cı maddəsinin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusyanın 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnzibati Xətalar Məcəlləsinin 48ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1 və 53.2.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə mtulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq və s. hüquqları var. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 88.1.1-ci maddəsinə əsasən inzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri xırda xuliqanlıq edildikdə tətbiq edə bilərlər. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək, tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək, tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək, tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq, tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq, tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq və s. tədbirlər görür. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin qərarı onun Azərbaycan qanunvericiliyi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya ilə təminat verilən hüquqlarını pozur. O, 15 dekabr 2021-ci ildə saat 12:10 radələrində qanunsuz olaraq tutularaq Nəsimi RPİ-nin 22-ci PB-yə gətirilmişdir. Nəsimi RPİ-nin 22-ci PB-də nə üçün etiraz aksiyasında iştirak etməyi ilə bağlı ona bir neçə formal suallar verilib. Suallara dolğun cavab verdikdən sonra bir müddət gözlədilmiş və həmin gün saat 13:40-13:50 radələrində sərbəst buraxılmışdır. Ona vəkili ilə əlaqə saxlamağa imkan verilməmiş, başqa hər hansı vəkilin seçilməsi üçün heç bir şərait yaradılmamışdır. Bildirilib ki, onsuz da DİN-dən sərbəst buraxılmağı barədə göstəriş verilib və qısa vaxtda buraxılacaqlar. Bu səbəbdən vəkilə ehtiyac yoxdur. Nəsimi RPİ-də saxlandığı müddətdə karantin qaydalarını pozmağı ilə bağlı ümumiyyətlə ona heç bir sual verilməmiş, irad tutulmamışdır. Çünki davamlı olaraq tibbi maskadan istifadə etmiş və bir an belə maskanı çıxarmamışdır. İnzibati qaydada tutularkən tutulmanın səbəbləri barədə ona da, ailəsinə də hər hansı məlumat verilməmişdir. Ümumiyyətlə barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsindən, həmin protokol əsasında qərar qəbul edilməsindən və inzibati qaydada cərimələnməyindən xəbərsiz olmuşdur. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və qərarın surəti ona yalnız müraciətindən və sənədlərin tərtib edildiyi tarixdən 45 gün sonra təqdim edilmişdir. Onunla eyni vaxtda tutulan və eyni PB-yə gətirilən X7 və Kənan Zeynalov da şikayətdə qeyd etdiklərini təsdiqləyə bilər. Bu səbəbdən şikayətinin araşdırıldığı zaman həmin şəxslərin şahid qismində məhkəmə iclasına dəvət edilməsi və onlardan izahatın alınması zəruridir. Hesab edir ki, qeyd edilən bu faktlar nəticəsində onun Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan hüquqları pozulub. 15 dekabr 2021-ci ildə iştirak etdiyi etiraz aksiyası dinc və spontan xarakterli olub. Hər hansı zorakılığa və qanunsuz əməllərə çağırış etməmiş, aksiyada iştirak etməkdə məqsədi Saleh Rüstəmovun üzləşdiyi qanunsuzluqların dayandırılması, onun adekvat müalicə və müayinə ilə təmin edilməsi və azadlığa buraxılması olmuşdur. Aksiyada iştirak edərkən karantin qaydalarına uyğun olaraq tibbi maskadan istifadə etmiş və tutularkən ətrafında heç kim olmamış, sosial məsafəyə tam riayət etmişdir. Bütün bu faktlar tutulmağı anının əks olunduğu video materialda da açıq-aydın görünür və həmin video material şikayətə qoşma şəklində məhkəməyə təqdim edilir. Bütün bu faktlar tam təsdiq edir ki, o, hər hansı inzibati xətaya yol vermədiyi halda dinc, spontan etiraz aksiyasında iştirak etdiyinə görə tutulmuşdur. Lakin qüvvədə olan bütün karantin qaydalarına əməl etdiyi halda, dinc etiraz aksiyasında iştiraka görə tutulduğu halda karantin qaydalarını pozmağı əsasıyla inzibati məsuliyyətə cəlb edilməyinin səbəbi Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməməsilə bağlı müzakirələrin getdiyi, son dövrlər sərbəst toplaşmaq azadlığının pozulmasıyla bağlı çox sayda AİHM-ə şikayətlərin edildiyi bir dövrdə diqqətin başqa məcraya yayılmasından ibarətdir. Başqa sözlə, insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdıraraq onları tamamilə başqa növ inzibati məsuliyyətə cəlb etməkdə məqsəd guya insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmadığı və insanların sərbəst toplaşmaq azadlıqlarından istifadə etmələrinə görə cəzalandırılmadıqları görüntüsünü yaratmaqdır. Hesab edir ki, onun dinc, spontan etiraz aksiyasında tutulmağı, tamamilə absurd şəkildə və əsaslarla inzibati məsuliyyətə cəlb edilməyi onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu pozmuşdur. Etiraz aksiyalarından öncə, aksiyalar zamanı və sonrası müxalif düşüncəli şəxslərin müxtəlif absurd əsaslarla tutulması praktikası Azərbaycanda uzun illərdir mövcuddur. Bu zaman nəinki etiraz aksiyasında iştirak etmiş şəxslər, hətta bu niyyətdə olan şəxslər və onların qohumları da müxtəlif xarakterli təzyiqlərə məruz qalırlar. O da dəfələrlə bu cür qanunsuzluqlar ilə üzləşmişdir. Məhz müxalif partiyanın üzvü, Rəyasət Heyətinin üzvü olduğundan, etiraz aksiyalarında daim aktiv iştirak etdiyindən dəfələrlə polis əməkdaşları tərəfindən tutulmuş, təhqirlərə və təzyiqlərə məruz qalmış, inzibati məsuliyyətə cəlb edilmişdir. Dəfələrlə qanunsuz olaraq saxta cinayət ittihamları ilə həbs olunmuşdur. 15 dekabr 2021-ci ildə iştirak etdiyi dinc, spontan etiraz aksiyasında tutulmağı və karantin qaydalarının pozulması əsası ilə inzibati məsuliyyətə cəlb edilməyi hər hansı hüquq pozuntusuna görə deyil, məhz müxalif siyasi partiyanın üzvü kimi siyasi fəaliyyəti ilə bağlı olub. Hesab edir ki, heç bir qanun pozuntusuna yol vermədiyi halda inzibati qaydada tutulmağı, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilməyi məhz siyasi fəaliyyəti ilə bağlı olduğundan Konvensiyanın 5-ci maddəsiylə birlikdə götürülməklə Konvensiyanın 18ci maddəsində təsbit edilən hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin inzibati xəta haqqında EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.5-ci maddəsinə əsasən qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində qəbul olunmuş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29.05.2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 oktyabr 2021-ci tarixli qərarı ilə, “Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarı əsasında araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulmuş, şəxs barəsində qəbul edilmiş qərar düzgün və əsaslı olmuşdur. Şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Müəyyən edilir ki, X4 15 dekabr 2021-ci il tarixdə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi halda, aksiyada iştirak etmək məqsədilə inzibati xətanın törədildiyi yerdə olmaqla karantin rejimi qaydalarına məhəl qoymadan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 15.12.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-686/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-686/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver