Məhkəmə qərarları › İş №3(006)-688/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-688/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-688/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, Şikayət vermiş şəxs «X8» MMC-nin direktoru X3 və onun vəkili Nümayəndə iştirakları ilə, «X8» MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X8» MMC-nin direktoru X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 19.01.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 Xidmətinin "inzibati tənbet vermə haqqında” MN ******* saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə "X8" MMC-nin direktoru kimi mən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb ondan ibarət olmuşdur ki, X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Hesab edir ki, X5 Xidmətinin "inzibati tənbeh vermə haqqında" MN ******* saylı, 19 yanvar 2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən qərarda X6 adlı şəxsin onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi qeyd olunsa da, bu hal hər hansı qaydada öz təsdiqini tapmamışdır. Başqa sözlə, tərəfindən İnzibati Xətalar Məcəlləsinin sözügedən normasının pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, fərz etsək ki, tərəfindən inzibati xətaya yol verilmişdir, bu zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən barəsində qəbul edilmiş 19.01.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında «X8» MMC-nin direktoru X7 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış binası 01.05.2021-ci il tarixdən «X8» MMC-nin idarəçiliyinə keçmişdir. Bundan sonra onlar binanın sakinlərini ilə yığıncaq keçirmiş, idarəetmə heyəti yaratmış və müqavilə bağlamışlar. İlham Abbasov binanın təhvil-təslim edilməsində iştirak etmiş, aktı da imzalamışdır. Bina təhvil verilən zaman binanın sakinləri xahiş etmişlər ki, İlham Abbasov sakinlər barədə bütün məlumatları bildiyi üçün 2-3 ay təhvil-təslimə kömək etsin. İlham müəllim onlardan onu işə götürüb-götürməyəcəklərini soruşmuş, onlar da iş üçün uyğun olmadığını bildirmişlər. Bundan sonra İlham Abbasov onlardan şikayət etməyə, onları şantaj etməyə başlamışdır. Araşdırma zamanı Əmək Müfəttiliyi bir neçə bina sakinindən izahat almışdır, hansılar ki, İlham Abbasovun qohumlarıdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 vəkili Nümayəndə izahatında bildirmişdir ki, X5 Xidmətinin “inzibati tənbet vermə haqqında” MN ******* saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə "X8" MMC-nin direktoru kimi X7, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb ondan ibarət olmuşdur ki, X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Hesab edirlər ki, X5 Xidmətinin "inzibati tənbeh vermə haqqında" MN ******* saylı, 19 yanvar 2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən qərarda X6 adlı şəxsin X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi qeyd olunsa da, bu hal hər hansı qaydada öz təsdiqini tapmamışdır. Başqa sözlə, X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin sözügedən normasının pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, fərz etsək ki, inzibati xətaya yol verilmişdir, bu zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, X6 Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, 22.12.2021-ci il tarixli qərarla şikayət baxılması üçün X5 Xidmətinə göndərilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X6 «X8» MMC-də onunla əmək müqaviləsi bağlamadan işə cəlb olunmuşdur. Belə ki, İlham Abbasov əvvəl "xxxx" MTK-nın işçisi olmuş, daha sonra "xxxx" MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış binası 01.05.2021-ci il tarixdən «X8» MMC-nin xidmətinə keçmiş və İlham Abbasov onunla əmək müqaviləsi bağlanmadan 2021-ci ilin may ayından oktyabr ayına kimi «X8» MMC-də çalışmış, hətta əmək haqqı da almışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, 2021-ci il aprel ayının sonu "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış binasında öz işini dayandırmışdır. Bundan sonra sakinlərin iclası keçirilmiş, idarə heyəti seçilmiş və idarə heyətinin qərarı ilə Zaur Nəcəfov binaya rəhbərlik etmək üçün dəvət olunmuşdur. MMC fəaliyyətə başladıqdan sonra Zaur müəllim onu və Əkrəm İsmayılovu oradan uzaqlaşdırmağa çalışmışdır ki, özləri öz istədiklərini etsinlər. Onun özünün həmin binada 4, qohumunun isə 2 mənzili var. O, Zaur müəllimə kommunal xərcləri çox yığdığını demiş, bu isə sonuncunun xoşuna gəlməmişdir. Beş aydan sonra bina sakinləri ilə yenidən iclas keçirilmişdir. İdarə heyətində Zaur müəllim məsələ qaldırmışdır ki, Əkrəm İsmayılov və o, orada işləməsin. Emin müəllim isə demişdir ki, “Mən İlham müəllimin maaşını verəcəm, qalıb işləsin”. O, çıxarış alınması ilə bağlı mənzil sakinlərinə sənədlərin toplanmasına kömək etmiş, su anbarına nəzarəti həyata keçirmişdir. Onun maaşının Emin müəllim tərəfindən verilməsi qərara alınandan sonra o, onu işdən çıxaracaqlarını hiss etmişdir. Bundan sonra əmək kitabçasını tələb etmiş, o zaman ona oranın işçisi olmadığını demişlər. O, Zaur müəllimin göstərişi ilə işlər görmüşdür. Məsələn, su nasoslarına baxmaq, onlara xidmət göstərmək, onların saz vəziyyətdə olmasına nəzarət etmək kimi işləri həyata keçirmişdir. Zaur Nəcəfov onunla əmək müqaviləsi bağlamadan onu qeyri-qanuni işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış binasında X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə «X8» MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 01.05.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış binası «X8» MMC-nin xidmətinə keçmişdir. Sözügedən aktda X6 "xxxx" MTK-nın mühəndisi kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Lakin, X5 inzibati araşdırma apararkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadan, şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sübutlar müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X2 həqiqətən də «X8» MMCdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 19.01.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin quruma qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar