Məhkəmə qərarları › İş №3(006)-690/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-690/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-690/2020 12.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş x1 iştirakı ilə x1 Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru Hüseyn Məmmədov tərəfindən qəbul edilən MN ******* saylı, 27 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 27 fevral 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: x4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 27 fevral 2020-ci ildə tərtib edilmiş MN ******* saylı protokola Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru Hüseyn Məmmədov tərəfindən çıxarılmış 27 fevral 2020-ci il, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. x4 şikayətini onunla əsaslandırmışdır ki, o, Nəsimi rayonu, Ak. Mir Qasımov küçəsi ev 3, mənzil 15-də ailəsi ilə birlikdə yaşayır. 13 aprel 2020-ci il tarixdə poçt vasitəsi ilə onun adına gələn (10 aprel 2020-ci il tarixli) məktubu oxuduqda ona məlum olmuşdur ki, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru x2 tərəfindən onun barəsində 18 mart 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərardan ona məlum olmuşdur ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin ******* nömrəli, 27 fevral 2020-ci il tarixli qərarına əsasən İXM-nin 521-ci maddəsinə əsasən onu 150 manat məbləğində cərimə etmişlər. O, həmin gün Nəsimi Rayon İcra və Probasiya şöbəsinə zəng etmiş və karantin olduğundan orada yalnız şöbə rəisi Yavər Abdullayevlə danışa bilmişdir. Ondan qərar barədə soruşmuş və nəticədə ona bildirilmişdir ki, bir gün ərzində icraata başlamaq haqqında qərara səbəb olmuş Polis orqanının barəsində olan Protokol və Qərarını ona internet vasitəsi ilə təqdim edəcəklər. 13 aprel 2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya şöbəsi tərəfindən onun “Whatsapp” nömrəsinə barəsində olan ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokol və ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərar ona təqdim edilmiş və ona məlum olmuşdur ki, guya o, 27 fevral 2020-ci il tarixdə Nəsimi rayonu, Ak. Mir Qasımov küçəsi ev 3, mənzil 15-də musiqiyə yüksək səs verərək Əbilov R.N. və ailə üzvlərini narahat etmişdir. Bundan əlavə olaraq ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokolda qeyd edilmişdir ki, guya bu fakt öz təsdiqini videogörüntü vasitəsilə (disklə) öz əksini tapmışdır. Bundan əlavə olaraq ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokolda qeyd edilmişdir ki, guya o, izahat verməkdən imtina etmişdir. Rəsmi olaraq qeyd edir ki, ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokolda qeyd edilən hadisə ilə onun heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı o, 14 aprel 2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəis müavini Elnur Əzizovun qəbulunda olmuş və ona öz fikirlərini bildirmişdir. Məsələ ilə bağlı izahat verməyə hazır olduğunu və qeyd edilən video diskə baxış keçirmək istədiyini rəsmi şəkildə bəyan etmişdir. Bundan əlavə olaraq 14 aprel 2020-ci il tarixdə rəsmi şəkildə ərizə ilə dəftərxana vasitəsi ilə müraciət edərək barəsində olan uydurma əməlin nə səbəbdən baş verməsini və ədalətli araşdırma aparılmasını xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəis müavini Elnur Əzizov barəsində ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokol və ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı yazan 20-ci Polis Bölməsinin sahə müvəkkili Hüseyn Məmmədov ilə əlaqə saxlamış və ondan məsələni dəqiqləşdirmişdir. Sonda ona bildirilmişdir ki, hüquqlarının müdafiəsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə müvəkkili Hüseyn Məmmədov tərəfindən barəsində tərtib edilmiş ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokol və ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərar əsassız və şəxsi qərəzli olduğundan ləğv edilməlidir. Belə ki, bir daha qeyd edir ki, gecə saatlarında o, musiqiyə yüksək səs verməmişdir. Nəsimi rayonu, Ak. Mir Qasımov kücəsi ev 3, mənzil 15-də ondan əlavə olaraq bir neçə şəxs yaşayır. Həmin ünvanda yerləşən mənzil onun adına deyil. Həmin mənzildə onun yaşlı anası yaşayır. Əgər o, musiqiyə yüksək səs vermiş olsa, ilk növbədə öz anasını narahat edər və onun tərəfindən bunun qarşısı alınardı. Hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə müvəkkili Hüseyn Məmmədov tərəfindən ona qarşı əsassız qərəzli mövqeyini nümayiş etdirir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Maddə 25. Bərabərlik hüququ hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə müvəkkili Hüseyn Məmmədov tərəfindən ona qarşı əsassız qərəzli mövqeyini nümayiş etdirməsi nəticəsində ondan və yaşadığı ünvanda yaşayan digər şəxslərdən izahat almadan, konstitusiya ilə qorunan bərabərlik hüququnu məhdudlaşdırmaqla barəsində tərtib edilmiş ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati Protokol və ******* nömrəli, 27 fevral 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərar əsassız və şəxsi qərəzli olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş x4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayətçinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru x3 tərəfindən tərtib olunmuş 27 fevral 2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin rəisi Vüqar Abdullayev tərəfindən qəbul olunmuş 27.02.2020-ci il tarixli Qərardan görünür ki, x4 yaşadığı mənzildə musiqiyə yüksək səs verərək vətəndaş Əbilov R.N və ailə üzvlərini narahat etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə 150 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə səlahiyyətli şəxs tərəfindən Həsən Hüseynovun qeyd olunan normada nəzərdə tutulan hüquqları pozulmuş, tərtib olunmuş protokolun baxılması yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən qərar qəbul edilmişdir. Belə olan halda Həsən Hüseynova protokolun baxılması yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən qəbul edilən qərar obyektiv və qanuni sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə x4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş MN ******* saylı, 27 fevral 2020-ci il tarixli qərar ləğv edilməli və x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə MN ******* saylı, 27 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 27 fevral 2020-ci il tarixli qərar ləğv edilsin. x1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar