Məhkəmə qərarları › İş №3(006)-691/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-691/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-691/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi «X5» markalı, **-JM-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində piyada olaraq yolu keçən Zərərçəkmiş şəxs vuraraq ona yüngül bədən xəsarəti yetirməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi «X5» markalı, **-JM-*** nömrə nişanlı avtomobillə C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində hərəkət edərkən, avtomobilini Bakıxanov küçəsi istiqamətində döndərərkən ehtiyatsızlıq nəticəsində avtomobilin ön sol hissəsi ilə piyada keçidinin qarşısından keçən Zərərçəkmiş şəxs vurmuş, zərbənin təsirindən həmin qadın yerə yıxılmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət aldığı üçün o, zərərçəkmiş şəxsə köməkliyini etmiş və onu müayinəsinin aparılmasından ötrü müvafiq xəstəxanaya çatdırmışdır. Daha sonra hadisə nəticəsində zərərçəkmiş şəxsin müayinə və müalicə xərclərini ödəmişdir. Bundan sonra zərərçəkmiş şəxslə barışdığından ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs müalicə xərclərinin ödənilməsini və barışmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs yol nəqliyyat hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən yeni tikilidə təmizlik işləri aparmaq məqsədilə piyada olaraq hərəkətdə olarkən C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən piyada keçidində «X5» markalı, **-JM-*** nömrə nişanlı avtomobil tərəfindən vurulmuşdur. Hadisə baş verdikdən sonra dərhal həmin avtomobilin sürücüsü Şəxs ona köməklik etmiş və xəstaxanaya aparmışdır. Ona həmin xəstəxanada tibbi yardım edilmiş və evə buraxılmışdır. Onun bütün xəstəxana xərclərini isə Şəxs ödəmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilən 56 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1968-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – burun nahiyəsinin burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan qanşır-şişkinliyi, hər iki gözaltı nahiyənin, sağ əlin, sol diz oynağı nahiyəsinin və sol budun qanşırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-44 nömrəli təhqiqat material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar