Məhkəmə qərarları › İş №3(006)-6936/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6936/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6936/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: ünvan 1 İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “X5” markalı, **-JK- *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 12:38-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, həmçinin bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, avtomobilin cəriməsinin qərarlaşdırılması üçün sorğu “X4 Sanayi ve Ticaret A.Ş” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə daxil olmamışdır. Şirkət 2022-ci ildən bəri hüquqi ünvanını dəyişərək Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev 6 ünvanında qeydiyyatdadır. Hüquqi ünvan dəyişikliyi ilə bağlı DYP-ə məlumat verilmiş, həmçinin rəsmi açıq informasiya mənbələrində (e-taxes.gov.az) şirkətin hazırkı ünvanı görünməkdədir. Xətai DYP təqdim etdiyi xəbərnamələrdən sənədlərin hansı ünvana çatdırıldığı məlum deyil. Belə ki, həmin xəbərnamədə qeyd olunmalı ünvan hissəsi doldurulmamışdır. Həmçinin Xətai DYP tərəfindən təqdim edilən sənədlərdə də şirkətin qeydiyyat ünvanı başqa ünvan olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş çatdırılma qəbzinin üzərindəki SX052452156AZ nömrəli poçt izləmə kodu ilə axtarış verildiyində məktubun AZ1129 saylı poçt şöbəsi vasitəsi ilə çatdırıldığı qeyd edilmiş, Şirkətin hüquqi ünvanının ərazi üzrə daxil olduğu poçt indeksi isə AZ1022-dir. Həmçinin sorğu xx.xx.2025-də çatdırıldığı görünməsinə rəğmən DYP protokolu xx.xx.2025-ci il tarixdə tərtib olunmuş, yəni heç sorğunun 5 günlük cavablanma müddəti gözlənməmişdir. İstənilən halda qeyd edildiyi kimi sorğu Şirkətə daxil olmamışdır. Bundan əlavə xəbərnamədə imzası olan Zeynalov Fuad adlı şəxs şirkətdə heç vaxt çalışmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda hüquqi şəxsə məlumat verildiyi qeydi olsa da hüquqi şəxsə məlumat verilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Protokol hüquqi şəxsə məlumat verilmədən tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Şirkətin İXM-nin 347-ci maddəsinin tələblərinin pozulması ilə əhatə olunan hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi olmamış, yəni inzibati xəta tərkibi yaranmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Dövlət Yol Polisi şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən «X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus “X5” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2025-ci il tarixdə həmin şirkətə çatdırılmışdır. Lakin həmin bildirişə poçt xəbərnaməsi əlavə olunsa da, xəbərnaməni imzalayan şəxsin şəxsiyyəti müəyyən olunmadığından ünvanlanan məktubun qəbul olunması öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Qeyd olunan Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 58.0-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırki iş üzrə Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sorğu məktubu “X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyina ünvanlandırılsa da, məktubun faktiki olaraq həmin cəmiyyətə göndərilməsini, hüquqi şəxsin ünvanına daxil olmasını və səlahiyyətli nümayəndəsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “X4 Sanayi və Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar