Məhkəmə qərarları › İş №3(006)-695/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-695/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-695/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1980-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:07 radələrində ünvan 1 ünvanında yerləşən “Araz Market”ə məxsus 02 ədəd 380 manat dəyərində “Roll Cages” adlı yük daşıma üçün istifadə olunan alətləri oğurlamış, bununla da xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:07 radələrində ünvan 1 ünvanında yerləşən “Araz Market”ə məxsus 02 ədəd 380 manat dəyərində “Roll Cages” adlı yük daşıma üçün istifadə olunan alətləri oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Araz” supermarketində müdir vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə supermarketin çöl hissəsinə qoyulmuş 02 ədəd “Roll Cages” adlı alətin oğurlanmasını aşkar etmiş və mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxan zaman həmin alətlərin xx.xx.2023-cü il tarixdə, saat 22:07 radələrində naməlum bir şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bununla bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət etmişdir. Oğurlanmış alətin birinin dəyəri 189,19 manatdır. Ona dəymiş zərər ümumilikdə 380 manat təşkil edir. Dəymiş zərər ödənilmədiyindən Şəxs şikayətçidir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, maddi imkanı olmadığı üçün satıb pul qazanmaq məqsədilə Nəsimi rayonu, Cavadxan küçəsi 21 ünvanında yerləşən “Araz” supermarketin çöl hissəsindən yük daşınması üçün istifadə olunan iki ədəd plastmas arabanı götürüb getmiş və satmaq üçün 3-cü mikrorayon dairəsinin yaxınlığına gətirmiş, lakin gecə vaxtı olduğundan sata bilməmişdir. Daha sonra həmin arabaları 3-cü mikrorayon dairəsinin yaxınlığında bir yerə qoyub çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:50 radələrində ünvan 2 ünvanın zirzəmisində yatdığı zaman 19-cu polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Arabaları sahibsiz zənn etmiş və onların 380 manat dəyərində olduğunu bilməmişdir. Hal hazırda zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmir. Evlidir, iki azyaşlı uşağı var. Daha sonra etdiyi əməldən peşman olmasını və iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə aidiyyəti üzrə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir, ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 yanvar 2023-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar